Meşədə azmış bakılı gənclər xilas edildi

26 Yanvar, 2020 14:57 | Həyat Tərzi | Baxış sayı: 203
Gül açmış meşədə sübh
Gül açmış meşədə sübh

Donmuş vəziyyətdə olan gənclərə ilkin tibbi yardım edilib və özlərinə gəliblər

Şabranda meşə massivində azan 3 gənc xilas edilib.

İstiPress-in şimal bürosunun məlumatına görə, hadisə rayonun dağlıq Zeyvə kəndində qeydə alınıb.

Bakı şəhər sakinləri - 26 yaşlı Şəms Şamul qızı Məmmədli, Natiq Namiq oğlu Yusifli və Tərxan Fazil oğlu Tərlanzadə sərnişin avtobusu ilə Pirəbədil kəndinə gəliblər. Sonra onlar piyada Zeyvə kəndinin ərazisində meşə massivində  yerləşən məşhur Əmbir gölünə gəliblər. Onlar gölün yanına çatanda artıq hava qaralıb və meşə massivində gənclər azıblar.

Gənclər FHN-nin 112 qaynar xəttinə bu barədə məlumat veriblər. FHN-nin Şimal regional mərkəzinin xilasedicilərinin və Şabran Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və əməkdaşlarının köməyilə qaranlıqda azan 3 gənc xilas edilib.Onlar əraziyə çağrılan təcili yardımla Şabran rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

Donmuş vəziyyətdə olan gənclərə tibb müəssisəsində  ilk tibbi yardım edilib və özlərinə gəliblər. Məlumatı İstiPress-in şimal bürosuna Şabran İH başçısının Zeyvə İƏD üzrə nümayəndəsi Cavid Məmmədov verib.