Bakıda ölüm yayan dondurmalar tapıldı SİYAHI

25 İyul, 2017 11:45 | Həyat Tərzi | Baxış sayı: 347
Dondurma
Dondurma

Dondurmalarda insan həyatı üçün təhlükəli mikroorqanizmlər tapılıb

Dondurma bazarına nəzarət davam edir. İqtisadiyyat və Səhiyyə nazirliklərinin ərzaq məhsulları bazarına nəzarət tədbirləri davam etdirilir. Nazirlikdən İstiPress-ə verilən məlumata görə, istehlak bazarında keyfiyyətsiz və təhlükəli malların satışının qarşısının alınması məqsədilə aparılan tədbirlər çərçivəsində müxtəlif ticarət obyektlərində satışda olan fiziki şəxs Tahir Qasımov tərəfindən istehsal edilmiş dondurmaların ilkin laborator müayinəsi zamanı onların tərkibində insanların həyat və sağlamlığı üçün təhlükə yaradan mikroorqanizmlərin normativ sənədlərlə yol verilən miqdardan artıq olduğu müəyyən edilib.

Bu pozuntuların daha çox istehsal mənşəli olduğu nəzərə alınaraq, qanunvericiliyin tələblərinə uyğun olaraq, İqtisadiyyat və Səhiyyə nazirliklərinin nümayəndələri tərəfindən fiziki şəxs Tahir Qasımova məxsus dondurma sexində birgə nəzarət tədbirləri həyata keçirilib, məhsulların müayinəsi üçün qanunvericiliklə müəyyən olunmuş qaydada nümunələr götürülüb.

Götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində "Panda", "Karolina", "Mirage" və "Zontik" plombir dondurmalarında, "Matroskin" südlü dondurmada bağırsaq çöpləri qrupundan olan bakteriyaların (koliformlar) miqdarının normativ sənədlərdə nəzərdə tutulmuş miqdardan artıq olduğu müəyyən edilib.

Eyni zamanda "Karolina" və "Zontik" plombir dondurmalarında, eləcə də "Matroskin" südlü dondurmasında mezofil-aerob ve fakultativ-anaerob mikroorqanizmlərin miqdarının da normativ sənədlərlə müəyyən olunmuş miqdardan artıq olduğu aşkar edilib.

Qanun pozuntuları ilə əlaqədar fərdi sahibkar Tahir Qasımova qeyd olunan dondurmaların istehsalının dayandırılması, bu məhsulların ticarət şəbəkəsindən geri çağırılması kimi məhdudlaşdırıcı tədbirlər tətbiq edilmiş və istehsalat sahəsində müvafiq sanitariya-gigiyenik və dezinfeksiya tədbirlərinin həyata keçirilməsi barədə göstəriş verilib.

Birgə nəzarət tədbirləri davam etdirilir.