Bunları bilirsinizmi?

25 Mart, 2019 16:15 | Həyat Tərzi | Baxış sayı: 161
Kəbə ətrafında zəvvarlar (arxiv)
Kəbə ətrafında zəvvarlar (arxiv)

Kəbənin içəri hissəsinin təmizlənməsi mərasimi ildə iki dəfə yerinə yetirilir

Məkkə müsəlmanların ən müqəddəs şəhərlərindən biri hesab edilir. Hər il milyonlarla müsəlman Həcc ziyarətlərini yerinə yetirmək üçün bu şəhərə üz tutur. Onları Kəbəni ziyarət edir, müəyyən dini ayionləri icra edərək Hacı adını qazanırlar. Bəs Kəbə haqqında nə bilirik? 
Kəbə ərəbcə "əl-Kəb” (الكعب) sözündən götürülüb mənası "kub" deməkdir. 
Müqəddəs tikilinin sahəsi 128,4 kv.m-dir. Kəbə binasının küncləri Yer kürəsinin qütblərinə — şimal, cənub, şərq ve qərb istiqamətlərinə istiqamətlənmişdir. 

Bu künclərin hər birinin öz xüsusi adı vardır. Kəbənin şərq küncündə Həcərul-əsvəd adlanan qara daş yerləşir. Şimal küncü İraq, qərb küncü Şam, cənub küncü isə Yəmən küncü adlanır.

Kəbənin cənub-qərb divarının qabağında hündürlüyü 90 sm və eni 1,5 m olan ağ mərmərdən tikilmiş yarımdairə şəkilli divar var. Bu ərazi "Hatim" adlanır.

Kəbənin qapısı yerdən 2 m hündürlükdə şimal-şərq divarında yerləşir. Divarlar içəri üzdən yarıya qədər Quran ayələri ilə bəzədilmiş qranitdən, yarıdan yuxarı isə üzərində qızıl saplarla Quran ayələri işlənilmiş yaşıl parçadan ibarətdir.

Kəbənin içəri hissəsinin təmizlənməsi mərasimi ildə iki dəfə yerinə yetirilir. Bu mərasimlər Ramazan ayının və Həcc mövsümünün başlanılmasından 15 gün əvvəl yerinə yetirilir. 

Kəbənin təmizlənməsi üçün Zəm-zəm suyu ilə Fars qızıl gül suyunun qarışığından istifadə edilir. 

Kəbəni həzrət Adəm Allahın buyruğuyla bəşər tarixində ilk ibadət evi olaraq tikib-qurmuşdur. Nuh peyğəmbərin (ə) dövründə baş verən tufan nəticəsində bu ibadətgah dağılmışdır. Kəbəni Hz. İbrahim peyğəmbər (ə) bərpa edib.

Məhəmməd peyğəmbər (s) hələ hicrətdə – Mədinə şəhərində olarkən Allah buyurmuşdur ki, müsəlmanlar namaz qıldıqları zaman üzlərini Kəbəyə çevirsinlər. Həmin vaxta qədər müsəlmanlar ibadət zamanı üzlərini Beytul-Müqəddəsə, Qüds şəhərinə tuturdular.