Adrenalin yaşamaq istəyənlərə

24 İyun, 2019 14:37 | Həyat Tərzi | Baxış sayı: 182

Qış turizm mərkəzinin yay xidməti

Azərbaycanın ən məşhur dağ istirahət guşələrindən olan Qusar ərazisində yerləşən "Şahdağ" turizm mərkəzinə gələn yerli və xarici turistlər tandem paraplan uçuşlarına da xüsusi həvəs göstərirlər.

İstiPress-in şimal bürosuna bu barədə "Şahdağ" turizm mərkəzinin marketinq direktoru Rauf Cahangirov açıqlama verib. Onun sözlərinə görə, tandem paraplan uçuşları qonaqlara adrenalin dolu anlar yaşadır: "Təhlükəsizlik texnikaları haqqında təlimat keçirilməsi ilə başlanan uçuş 3 nöqtədən - Şahdağ otelinin qarşısından, ara stansiyadan həyata keçirilir. Üçüncü nöqtədə maksimal hündürlük - dəniz səviyyəsindən 2351 metr təşkil edir. Bu nöqtə həm də ölkənin ən hündür sürüşmə zolağının yerləşdiyi yerdir".

Rauf Cahangirova görə, tandem paraplan uçuşları peşəkar və lisenziyalı pilotla həyata keçirilir. Təhlükəsizlik baxımından heç bir halda tək uçuşa icazə verilmir. Bu adrenalin yaşadan uçuşların qiyməti 100 manatdan başlayır və hündürlüyə görə dəyişir. Uçuşlar ortalama 12 dəqiqə davam edir.

Beləliklə, səmada həyəcan dolu dəqiqələr yaşamaq istəyənlər yolunuzu Şahdağdan salsanız, peşman olmazsınız...