Ramazan fitrəsinin məbləği açıqlandı -fətva verildi

24 May, 2017 11:05 | Həyat Tərzi | Baxış sayı: 557
11 ayın sultanı - Ramazan ayı
11 ayın sultanı - Ramazan ayı

QMİ dindarlara xəbərdarlıq edib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası mübarək Ramazan ayının başlanması ilə əlaqədar fətva verib və dindarlara xəbərdarlıq edib. İstiPress-in məlumatına görə, fətva mayın 24-də QMİ-də şeyxülislam Allahşükür Paşazadənin sədrliyi ilə keçən toplantıda verilib. 

Fətvada deyilir ki, Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının builki hesablamalarına əsasən, ölkə ərazimizin üfüqünə uyğun olaraq Ramazan ayının 1-i Ayın görünməsi ilə miladi təqvimlə 2017-ci il mayın 27-nə təsadüf edəcək. Ayın göründüyü andan etibarən Ramazan ayı başlayacaq. Ramazan bayramı Şəvval ayının 1-i - Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq iyun ayının 26-na təsadüf edəcək.

Hər il olduğu kimi, bu il də Qafqaz Müsəlmanları İdarəsi AMEA Şamaxı Astrofizika Rəsədxanası ilə birlikdə Azərbaycan ərazisi üfüqünə uyğun olaraq Ramazan ayının əvvəli, namaz vaxtları, bu mübarək ayın gündəlik duaları, eləcə də bayram tarixini müəyyənləşdirən xüsusi təqvim tərtib edib. Digər mənbələrdən daxil olmuş, təxribat və təfriqə xarakterli, məzhəb və vaxt ayrı-seçkiliyinə səbəb ola biləcək təqvimlərin din xadimləri və dindarlar tərəfindən istifadəsi yolverilməzdir.

“Əminik ki, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyətlərinin müvafiq qurumları bu məsələdə bizə köməkçi olacaq, kütləvi informasiya vasitələri və sosial mediada QMİ-nin tərtib etdiyi, məzhəb ayrı-seçkiliyinin yolverilməzliyi baxımından vacib olan təqvimin təbliği və yayılmasına nəzarət edəcəklər”.

Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. Fitrə canın sədəqəsidir və hər bir imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarıb imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir. Qazılar Şurasının qənaətinə görə, bugünkü günə uyğun olaraq adambaşına 5-10 manat arasında fitrə zəkatının verilməsi məsləhət görülür.

QMİ Qazılar Şurası və Elmi-Dini Şurası din xadimlərimizə bir daha xatırladır ki, müqəddəs Ramazan ayı ərzində iftar vaxtından qabaq açılan süfrələrdə iştirak etmək şəriətə görə böyük günahlardandır. Bu xəbərdarlığı nəzərə almayan din xadimləri barəsində ciddi tədbirlər görüləcək.

Qazılar Şurası din xadimlərimizə tövsiyə edir ki, bu əziz günlərdə dinimizdə müqəddəs sayılan şəxsiyyətlərlə yanaşı, torpaqlarımız, Vətənimiz uğrunda canlarından keçən qəhrəman şəhidlərin əziz xatirəsi yad edilsin, ruhlarına dualar oxunsun, xütbə və moizələrdə vətənpərvərlik hisslərinin təbliğinə xüsusi diqqət yetirilsin.

QMİ
QMİ