ATV-nin ikili mövqeyi: sərsəmlik edən kimdir?

24 Yanvar, 2017 16:00 | Həyat Tərzi | Baxış sayı: 1757
Vaqif Aydınoğlu və Turan İbrahimov
Vaqif Aydınoğlu və Turan İbrahimov

Aparıcılar bir-birini ittiham edir

LİDER telekanalının Rusiyadakı müxbiri Anar Həsənovun işdən azad edilməsi Azərbaycanda bir neçə gündür müzakirə predmetinə çevrilib. Jurnalistin Rusiya Xarici İşlər Naziri Sergey Lavroya verdiyi suala görə işdən çıxarılması məsələyə diqqəti daha çox artırdı. Təkcə sıravi vətəndaşlar deyil, hətta bir sıra rəsmi qurumlar, o cümlədən, ATV telekanalı da məsələni müzakirəyə çıxarıb. Lakin ATV mövqeyi tam bilinmir. Gah nala vurur, gah mıxa... Belə getsə, əlinə də vuracaq.

Belə ki, ATV-də "Xəbərlər Departamenti"nin rəhbəri, xəbərlər verilişinin əsas buraxılışlarının aparıcısı Vaqif Aydınoğlu hadisəni şərh edərkən Rusiya XİN-i canlı yayımdan təhqir etməkdən belə çəkinmir:

"Həftənin ən çox müzakirə olunan hadisəsi Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrovun Dağlıq Qarabağ münaqişənin həllinin Azərbaycanın daxili işi olmamasına dair sərsəm açıqlama etməsi oldu. Azərbaycanlı jurnalistin ona ünvanladığı məntiqli və haqlı sualın təsirindən Lavrov, sanki Rusiyanın yox, Ermənistanın XİN-i kimi özünü hiss etdi. Sualı da elə erməni kimi cavablandırdı. Lavrovun beynəlxalq hüququn prinsiplərini çeynədiyi son açıqlamasına isə bizim Xarici İşlər Nazirliyimiz cavab yox, reaksiya verdi. Çünki verilən açıqlama cavabdan çox reaksiyaya bənzəyirdi".

Bu od püskürən açıqlamadan sonrası ATV-də tamam fərqli fikirlər səsləndi. "ATV Səhər" verilişinin aparıcısı Turan İbrahimov "Xəbərlər Departamenti"nın rəhbəri Vaqif Aydınoğlunun dediklərini üstü örtülü formada sərsəm açıqlama adlandırdı:

"İndiki dövr Rusiya Azərbaycan münasibətləri baxımından tam fərqli bir dövrdür. İndiki məqamda anti-Rusiya mövqeyi ancaq düşmənlərimizin işinə yarıyır. Bunu daha necə izah edim, bilmirəm?! Çünki Qarabağ məsələsi, işğal altındakı ərazilərimiz Azərbaycanın daxili işi, Azərbaycanın öz işi olmaqdan çoxdan çıxıb. Bunu qəbul etmək lazımdır. Bu geosiyası oyunun bir parçasıdır. Bizə qalsa, dediyim kimi, torpaqlarımızı 24 saat ərzində işğaldan azad edərik. Amma işğaldan azad edib, onun suverenliyini qoruyub saxlaya bilərikmi? Böyük güclər buna imkan verərmi? Xeyr!"