Azərbaycanlı qadın ipək Quran hazırladı (FOTO)

22 Noyabr, 2016 15:26 | Həyat Tərzi | Baxış sayı: 34
İpək səhifəli Quran
İpək səhifəli Quran

3 ilə hazırlanan kitab üçün 50 metr parça lazım olub

Azərbaycanlı qadın ipək səhifəli "Qurani Kərim" hazırlayıb. İstiPress.com-un "Anadolu" agentliyinə istinadla verdiyi məlumata görə, qara ipək səhifələr üzərində Quran ayələrini 33 yaşlı rəssam Tünzalə Məmmədzadə işləyib.
İpək üzərində yazılan ayələr üçün 50 metr qara şəffaf ipək, altın və gümüşü boyadan istifadə edilib. 

29 x 33 sm ölçüsündəki "Qurani Kərim" üçün Türkiyə Diyanet İşləri İdarəsinin nəşr etdirdiyi nüsxələrdən istifadə edilib. 

T.Məmmədzadə ipək səhifəli kitabı "şah əsəri" adlandırıb və onu üç ildə tamamlayıb. 

Mərmərə Universitetinin sənət tarixi kafedrasında təhsilini davam etdirən azərbaycanlı qadın əvvəlcə araşdırma apardığını, ipəkdən Quran olmadığını müəyyən etdikdən sonra işə başladığını deyib. "İpək Quranda adı keçən bir parçadır. Onun üçün belə bir əsər hazırlamaqda problem görmədim. Dünyadakı ilk ipək Quranı hazırladığım üçün çox xoşbəxtəm".