Şeyxdən bayram təbriki

20 Avqust, 2018 14:12 | Həyat Tərzi | Baxış sayı: 271
Hacı Allahşükür Paşazadə - Bütün Qafqazın Şeyxi
Hacı Allahşükür Paşazadə - Bütün Qafqazın Şeyxi

"Allah rizası üçün edilən dua və ibadətlərimizin qəbul olunmasını diləyirik"

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Təbrikdə deyilir:

"Bismillahir-rəhmanir-rəhim! Əziz müsəlman bacı və qardaşlarım, möhtərəm həmvətənlərim!

Dünya müsəlmanlarının ən şərafətli bayramlarından olan mübarək Qurban bayramı münasibətilə hamınızı səmimi qəlbdən təbrik edir, Allah rizası üçün edilən dua və ibadətlərimizin, səylərimiz və qurbanlarımızın Allah dərgahında qəbul olunmasını diləyirik.

İslam Aləminin ən əziz və müqəddəs günlərindən biri - Eydül-Əzha - Peygəmbərimiz Həzrət İbrahim əleyhissəlamın adı ilə bağlı olan Qurban bayramı Uca Allah tərəfindən müsəlman ümmətinin böyük sevinc və fərəh məqamı kimi qərar verilmişdir. Müqəddəs Qurban bayramı əsrlər boyu insanlar arasında ülfət, qardaşlıq və mehribanlığın yaranmasına, onların həmrəyliyinə, mənəvi saflaşmasına, imanlarının kamilləşməsinə xidmət edir.

İslami dəyərlərə önəm verən dövlətimizin yaratdığı şərait sayəsində bizə bu mübarək bayramı yüksək səviyyədə qeyd etmək səadəti nəsib olmuşdur. Bu əziz gündə həm müqəddəs Məkkeyi-mükərrəmədə, həm də ölkəmizin məscidlərində ibadət və dualar edən Azərbaycan müsəlmanları ulu öndər Heydər Əliyev həzrətlərinin ruhuna Allahdan rəhmət diləyir, onun layiqli yolunun davamçısı prezident İlham Əliyevin müstəqilliyimizi qorumaq, dövlətçiliyimizi möhkəmlətmək, xalqımızı daha böyük uğurlara doğru aparmaq, Azərbaycanın haqq işinin zəfər çalması, əzəli torpaqlarımıza Böyük Qayıdışımız yolunda dəyərli fəaliyyətinə rəvac verməsini Uca Allahdan arzulayırlarıq".