Azərbaycanda Novruz bayramı qeyd olunur

20 Mart, 2017 00:25 | Həyat Tərzi | Baxış sayı: 147
Novruz bayramı
Novruz bayramı

Bahar Azərbaycana saat 14:28-də qədəm qoyacaq

Dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycan da bu gün Novruz bayramını qeyd edir. İstiPress-in məlumatına görə, Novruz yazın gəlişinin simvolu olan qədim xalq bayramıdır, mənası “Yeni gün”dür.

Novruz Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə (martın 20-si, 21-i və ya 22-də) keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlayıb, bu münasibətlə şənliklər keçirib, onu yeni ilin başlanğıcı kimi bayram ediblər.

Qədim zamanlardan başlayaraq İran, Əfqanıstan, Tacikistan, Özbəkistan və bəzi başqa şərq xalqları ilə yanaşı, Azərbaycan türkləri də baharın - yeni ilin gəlişini şənliklərlə qarşılayırlar.

2009-cu il sentyabrın 30-da Novruz UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib, 23 fevral 2010-cu ildə isə BMT martın 21-ni “Beynəlxalq Novruz Günü” elan edib.

Azərbaycanda da bu bayram böyük təntənə ilə qeyd olunur. Bu münasibətlə bütün ölkə ərazisində bayram tədbirləri keçirilir.

Qeyd edək ki, bahar Azərbaycana Bakı vaxtı ilə saat 14:28 (Qrinviç vaxti ilə 10:28) radələrində qədəm qoyacaq.  Həmin gün gecə və gündüz bərabərləşəcək.