Azərbaycanın bu kəndi Avropanın 10 ən yaxşısı siyahısına düşdü

19 Oktyabr, 2018 12:44 | Həyat Tərzi | Baxış sayı: 368
Xınalıq kəndi
Xınalıq kəndi

Ekstrim yaşamaq istəyən turistlərə bu kəndə getmək məsləhət görülür

İngiltərənin məşhur "The Guardian" nəşri qeyri-adi macəra yaşamaq istəyənlər üçün Avropanın 10 ən yaxşı məntəqəsinin siyahısını dərc edib. Siyahıda Qubanın dəniz səviyyəsindən 2300 metr yüksəklikdə yerləşən Xınalıq kəndinin də adı var.

"The Guardian" oxucularının rəylərinə əsasən müəyyənləşdirdiyi siyahıdakı hər bir məkan haqqında qısa məlumat və fotoşəkil də dərc edib.

Xınalıq haqqında yazılan məlumatda Azərbaycanın ən yüksək kəndinin Qafqaz dağlarının zirvəsində yerləşdiyi, əhalisinin heyvandarlıqla məşğul olduğu qeyd olunub. Məqalədə sıldırım qayalar arasından, dərin dərələrdən keçən Xınalıq yolunun turistlərə ekstrim yaşatdığı bildirilir. "The Guardian" yazır ki, Qubadan Xınalığa 18 funt sterlinq xərcləməklə getmək olar. Qonaqpərvər kənd sakinlərinin evində gecələmək və ləziz yeməklərdən dadmaq üçün də bir o qədər xərc tələb olunur.

Qeyd edək ki, Xınalıq kəndi Qubanın rayon mərkəzindən 65 kilometr məsafədə yerləşir. Bu kənd UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Kənd ərazisi dövlət tarix-memarlıq və etnoqrafik qoruq elan olunub.