Azərbaycanın ən maraqlı qış əyləncəsi başladı

18 Dekabr, 2018 15:36 | Həyat Tərzi | Baxış sayı: 340
Şahdağ istirahət mərkəzi
Şahdağ istirahət mərkəzi

Bir nəfər üçün qalma xərci 30-50 manat arasında dəyişən turizm obyektlərinə sifarişlər çoxdur

Qusar rayonu ərazisində yerləşən məşhur "Şahdağ"turizm mərkəzi 7 -ci mövsümünü açıq elan edib və artıq 4-cü gündür mərkəzdə fərqli qış mövsümünə start verilib.

İstiPress-in şimal bürosunun məlumatına görə, mərkəz əvvəlki illərdən fərqli olaraq mövsümə yeniliklərlə başlayıb.İndi turistlər burada gecə klubu, kinoteatr, supermarket və digər əyləncə - iaşə obyektlərindən istifadə edəcəklər. 

Qışda adrenalin yaşamaq istəyənlər bu mövsüm Şahdağda 15 kanat yolunda və 18 dağ yamacında olmaq şansı qazanıblar. Xizək və snoubord sürməklə yanaşı, aeroxizək və kvadrosikl turları, ziplayn, peyntbol, atla gəzinti, uşaqlar üçün kirşələr və digər qış əyləncələri artıq yeni mövsüm gələnlərin istifadəsinə verilib.

Azərbaycanın bu məşhur dağ kurortu Yeni il tətilində xeyli sayda yerli və xarici turist qəbul edəcək. Artıq mərkəzdəki 3 beş ulduzlu və bir 4 ulduzlu otellərdə yerlər 95 faiz tutulub. Qiymətlər tam açıqlanmasa da, hesab edilir ki, otellərdə qiymətlər hər cür müştəri kateqoriyasına uyğun gəlsin. 4 ulduzlu oteldə 1 nəfər üçün qalmaq xərci nisbətən əlçatan hesab edilir. 5 ulduzlu otellərdə qalma xərci 150 manatdan yuxarı olduğu deyilir və yerlər artıq tam dolmaq üzrədir.

Ümumiyyətlə, Yeni il tətilində Şahdağa gəliş səbəbindən əksər turizm mərkəzlərində də qış tətili üçün yerlər indidən sifariş edilib. Bir nəfər üçün qalma xərci 30-50 manat arasında dəyişən turizm obyektlərinə sifarişlər çoxdur. Şənbə və bazar günlərində Qusarın restoran və kafelərdə çox sıxlıq yaşanır, Şahdağda xizəkdə sürüşüb, kanat yola qalxıb iştaha gələnləri rayon mərkəzində çox sayda görmək mümkündür. Dəbdəbəli oteldə nahar etmədən sadəcə kanat yola qalxmaq- 1 nəfər üçün hər iki istiqamətə gedib gəlmək 15 manat təşkil edir. Mərkəzə gələn yerli və xarici turistlərin çoxu da məhz kanat yolda dincəlib yaxşı mənada həyəcan yaşamağa üstünlük verirlər.

Sutkalıq tibb xidməti fəaliyyət göstərən bu məşhur dağ kurortunda yaxın vaxtlarda bir neçə yeni xizək zolağının istifadəyə veriləcəyi gözlənilir. Qış tətilində Şahdağa və Qusarın diğər istirahət mərkəzlərinə gələnlərin konkret sayı tətildən sonra açıqlanacaq