Gənclər Azərbaycanın ən yüksək məkanına toplaşdı

16 İyul, 2019 17:57 | Həyat Tərzi | Baxış sayı: 140

Şahdağda “YayFest – gənclər düşərgəsinə” start verilib

Üç gündür Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının və “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin birgə təşkilatçılığı ilə Şahdağ Qış-Yay Turizm Kompleksinin ərazisində “YayFest – gənclər düşərgəsinə” start verilib.

İstiPress-in şimal bürosunun məlumatına görə, düşərgənin məqsədi gənclərin asudə vaxtlarının səmərəli təşkili, onlar arasında vətənpərvərliyin, təhsilin və sağlam həyat tərzinin təşviqindən ibarətdir. 5 gün davam edəcək “YayFest”də Bakıdan və regionlardan müsabiqə əsasında seçilmiş 500-dən çox gənc iştirak edir.

Düşərgənin ilk günündə Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50 illiyi münasibətilə gənclərin təşəbbüsü ilə kütləvi fləşmob keçirilib, Ulu Öndərin Qusar rayonunda ucaldılmış abidəsi ziyarət olunmuşdur. 

Düşərgənin gedişatında “Azərbaycançılıq”, tarix, incəsənət, sosial media, innovasiya və digər mövzularda gənclərlə müxtəlif təlim, seminar, mühazirə və görüşlərdə müzakirələr aparılıb. Həmçinin, iştirakçılar komanda işləri, əyləncəli oyunlar, düşərgə keçirildiyi regionda yerləşən tarixi-mədəni və təbiət ərazilərinə səfərlər kimi fəaliyyətlərə cəlb olunacaq. Hər günün sonunda gənclər üçün estrada ulduzlarının iştirakı ilə xüsusi konsert proqramı və kino nümayişi təşkil olunur.

Layihə çərçivəsində gənclər üçün kütləvi hərbi-hazırlıq təlimləri təşkil olunacaq. Təlimdə Dövlət Sərhəd Xidmətinin xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə müxtəlif tipli hərbi texnika, helikopter və pilotsuz uçuş aparatlarının döyüş qabiliyyəti, praktiki uçuş imkanları nümayiş etdiriləcək. 

Gənclər düşərgəsində təlim, seminar, mühazirə və görüşlərə müxtəlif ekspertlər, dövlət rəsmiləri, təlimçilər, tanınmış incəsənət xadimləri, media nümayəndələri qatılib.