Tarixin ən ölümcül xəstəliyi geri qayıtdı

15 Noyabr, 2019 12:57 | Həyat Tərzi | Baxış sayı: 261
Bakteriya
Bakteriya

Tauna yoluxan iki xəstə ciddi nəzarətə götürülüb

Bəşəriyyət tarixinin ən ölümcül xəstəliyi kimi tanınan vəba (taun) yenidən meydana çıxıb. Xəstəlik Çində müşahidə edilib. Pekində xəstəxanaya müraciət edən iki nəfərdə bu xəstəliyin əlamətləri aşkarlanıb. 

Pekindəki xəstələrin pnevmanik tauna yaxalandıqları bəlli oolub. Bu da xəstəliyin ən təhlükəli növüdür. 

"Yersinia pestis" adlı bakteriyanın yol açdığı xəstəlik 3 yolla ortaya çıxır. Bunlar ağciyərdə görülən pnevmanik, qan infeksiyası olan septisemik və limfa vəzlərinə təsir edən bubonik taun. 

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısını alma Mərkəzinin (CDC) məlumatına görə, taun xəstə heyvanlarla təmas və ya onlardakı bitlərin dişləməsi yolu ilə keçir. Pnevmanik taun isə öskürəklə yoluxur. Son dərəcə təhlükəli xəstəlik dərhal antibiotik müalicəsi tələb edir. Əks halda ölümə yol aça bilər. 

Xatırladaq ki, orta əsrlərdə Avropa əhalisinin 60 faizi məhz taundan ölüb. 

2014-cü ildə bir nəfər taundan öldükdən sonra Çinin Yumen şəhəri karantinə alınmışdı. Dünya Səhiyyə Təşkilatının məlumatına görə,  Afrika, Asiya və Cənubi Amerikada, özəlliklə cöllük ərazilərdə  2010-2015-ci illərdə 3248 taun faktı aşkar edilib ki, onlardan da 584-ü ölümlə nəticələnib.