Meyiti dənizə atılan məzarsız şairin narahat ruhu

15 May, 2018 17:57 | Həyat Tərzi | Baxış sayı: 368
Nargin adası
Nargin adası

"Yenə o bağ olaydı" deyən nakam məhəbbət şairi Mikayıl Müşfiqin Xızının Sayadlar kəndindəki xatirə muzeyinin əsaslı şəkildə yenilənməsinə ehtiyac var. 1988-1990-cı illərdə müşfiqsevərlər tərəfindən inşa edilmiş muzeyə Mədəniyyət Nazirliyi 2004-cü ildə muzey statusu verib.

221 ədəd eksponatın saxlanıldığı muzey bir neçə ay əvvəl Mədəniyyət Nazirliyi tərəfindən cari təmir edilib. Bir otaqlı muzeyin binasının fasad suvağı, su navalçaları yenilənib. İşıq sisteminin yenilənməsinə başlanılıb. Cari təmir barədə məlumat verən Mikayıl Müşfiqin xatirə muzeyinin direktoru Orxan Əzimov deyir ki, muzey üçün əlavə otaqlar inşa edilsə, yaxşı olar. İşçilər ekspozisiya olan otaqlarda yerləşib, texniki otaq da yoxdur. Bu hal turistlər və qonaqlar gələndə bir qədər narahatçılıq yaradır. Orxan Əzimovun sözlərinə görə, Sumqayıt regional mədəniyyət idarəsinin Xızı nümayəndəsi Mönsüm Bağırovun təşəbbüsülə muzeyin həyətində xüsusi yaşıllaşdırma və abadlıq işləri görülüb, 400-dən çox  ağac əkilib. Suvarma sistemi yenilənib.

Xızıya hər gəlişimizdə olduğu kimi, bu dəfə də Giləzi-Xızı yolunun üstündə yerləşən Müşfiq muzeyini ziyarət etməyi özümüzə borc bildik. Binada və həyətdə müəyyən işlər görüldüyü hiss edilsə də muzeyə qalxan pilləkənlərin dağılma təhlükəsində olduğunu   gördük. Pilləkənlərdə çatlar və daşların qopduğu aydınca müşahidə edilirdi. Muzeydən işıq sisteminin yenilənməsindən sonra pilləkənlərin növbəti cari təmir zamanı təzələnəcəyini dedilər.

Bu il iyunun 5-də Mikayıl Müşfiqin anadan olmasının 110 illiyinin doğulduğu Xızıda da xüsusi təntənə ilə qeyd olunması planlaşdırılır. Çox güman ki, dağılmaqda olan pilləkənlər həmin vaxtacan təmir edilməyəcək. Müşfiqsevərlərin vəsaitilə tikilmiş Müşfiq muzeyinin həyət bacasının xüsusi səliqə sahmana salınmasını da, görəsən, onu sevənlər eləməlidir? Hələ əlavə otaqların inşa edilməsini demirik. 1937 qaraguruhunun qurbanı olan, güllələnərək meyiti Xəzər dənizinə atılan, narahat ruhu hey sularda dolaşan Mikayıl Müşfiqin 110 illiyinə cəmi 21 gün qalır. Söz Mədəniyyət Nazirliyinindir.

Çünki Sumqayıt regional mədəniyyət idarəsinin Xızı rayonu üzrə nümayəndəsi Mönsüm Bağırov deyir ki, Mikayıl Müşfiqin xatirə muzeyinin əsaslı təmir edilnməsi üçün qurumun heç bir maliyyə vəsaiti yoxdur.

Aytəkin Alxaslı