Şeyxülislamdan Ramazan təbriki

14 İyun, 2018 09:17 | Həyat Tərzi | Baxış sayı: 78
Allahşükür Paşazadə - Qafqaz Müsəlmanları İdarəsinin sədri
Allahşükür Paşazadə - Qafqaz Müsəlmanları İdarəsinin sədri

"Bayram günündə qohumlara baş çəkmək, yetim, kimsəsizlərə şəfqət müstəhəbdir"

Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə Ramazan bayramı münasibəti ilə Azərbayacan xalqını təbrik edib. QMİ-dən İstiPress-ə verilən məlumata görə, şeyxülislam Allahdan oruc və namazlarınızın qəbul, dualarınızın müstəcəb olmasını diləyib. 

"Əzəmət və sevinci hədsiz olan bu ülvi bayram insanlara böyük səadət və fəxarət bəxş edir. Həmd-səna olsun Uca Allaha ki, Onun Rizasını qazanmaq üçün müsəlman qardaş və bacılarımız bu mübarək ay boyunca bütün ibadətlərini sonsuz ehtiram, fərəh və səylə tamamlayaraq, Ramazani-Şərifin bayram səadətinə qovuşmağa nail olmuşlar. Islam dininə ehtiramımı nümayiş etdirmiş, Allahın vacib hökmü olan oruc ibadətini səmimi hisslərlə başa vurmuş xalqımıza bu mübarək ayın fəzilət və bərəkətlərindən nəsib olsun, inşallah!  

Bu ülvi bayram günündə qohum-əqrəba, valideynlərə baş çəkilməsi, küsülülərin barışması, yetim, kimsəsiz və ehtiyacı olanlara şəfqət göstərilməsi, dünyasını dəyişmiş yaxınların qəbirlərinin, xüsusilə şəhid ailələrinin ziyarəti müstəhəb əməllərdəndir. 

Bir daha əziz bayram – Eydül-Fitr səadətinə yetişən bütün müsəlmanlarımızı səmimi qəlbdən təbrik edir, xeyir-dualarımı yetirirəm.

Qoy qəlbində Allah məhəbbəti yaşadan xalqımızın, inşallah, bütün xoş arzu və niyyətləri gerçəkləşsin! Allah cəmi şəhidlərimizə rəhmət eləsin! Allah orucumuzun əcri olaraq Öz Lütfü sayəsində bizlərə xeyir və bərəkətini artırsın, mənəvi birliyimizi gücləndirsin!"