Ürək xəstələri nəyi necə yesin?

14 Aprel, 2020 15:30 | Həyat Tərzi | Baxış sayı: 107
Ürək xəstəlikləri
Ürək xəstəlikləri

Xəstəliyin yaranma səbəbləri arasında sağlam qida ilə yanaşı, irsi meyillilik, yaş və cins də böyük rol oynayır

Ürək-damar xəstəliklərinin inkişafına meyvə-tərəvəzlərin az, duz və doymuş turşuların isə həddindən artıq istehlakı, gündəlik qəbul edilən qidaların tərkibində lifin azlığı və ya olmaması, qeyri-adekvat və balanslaşdırılmamış qidalanma kimi amillər təsir edir. Artıq çəki və piylənmə, qanda yağların səviyyəsinin yüksəlməsi, yüksək qan təzyiqi xəstəliyin baş vermə ehtimalını artıran risk faktorlarındandır. Ürək-damar xəstəliklərinin inkişafı həyat tərzi, xüsusən tütünçəkmə, mütəmadi alkoqol qəbulu, az fiziki aktivlik, eləcə də emosional gərginlik kimi amillərlə sıx əlaqəlidir. Xəstəliyin yaranma səbəbləri arasında irsi meyillilik, yaş və cins də böyük rol oynayır. Belə ki, xəstəlik daha çox 40 yaşdan yuxarı insanlarda müşahidə edilir.

Ürək-damar xəstəliklərinin profilaktikasında düzgün və sağlam qidalanma şərtdir. Bəs bu insanlar nə yesin? Mütəxəssislər belə xəstəlikdən əziyyət çəkənlər üçün aşağıdakı tövsiyyələri veriblər. 

Qidanı gündə 5-6 dəfə olmaqla kiçik porsiyalarla qəbul etmək lazımdır.

Gün ərzində istifadə edilən duzun miqdarı azaldılmalıdır. Duz bədəndə artıq mayenin toplanması ilə ödəmin yaranmasına və qan təzyiqinin artmasına səbəb olur.

Heyvan mənşəli yağların qəbulunu azaltmaq lazımdır. Konservləşdirilmiş ət, yağlı quş əti, kolbasa və s. məhsullar xolesterolla zəngin olduğu üçün qan damarlarına yığılaraq ürəyi qidalandıran damarların funksiyasının pozulmasına səbəb ola bilər.

Gün ərzində 1,5-2 litr su qəbul edilməlidir.

Spirtli və şirin içkilərdən imtina olunmalıdır.

Kaliumla zəngin qidalar (banan, üzüm, kivi, gavalı, ərik və onların şirəsi, quru meyvələr, itburnu, həmçinin kartof, kələm, balqabaq) ürək üçün olduqca faydalıdır.

Tərkibində maqnezium duzları ilə zəngin olan qidaların (çovdar və buğda kəpəkli çörəklər, yulaf, arpa və qarabaşaq yarması, çuğundur, yerkökü, kahı, cəfəri, qoz, badam, qara qarağat) istehlakına üstünlük verilməlidir.

Balıq tərkibindəki Omeqa-3 sayəsində sağlamlığa faydalı olan vacib məhsullardandır və qida rasionunda əsas yer tutmalıdır.

Yatmazdan əvvəl yaranmış aclıq hissini aradan qaldırmaq üçün 1 stəkan kefir içilə və ya 1 ədəd alma yeyilə bilər.