"Yaran suvar"ın astanasında

14 Mart, 2017 06:13 | Həyat Tərzi | Baxış sayı: 943
Bayram süfrəsi
Bayram süfrəsi

Ləzgilərin ilaxır çərşənbəsi

Bu da ilin axır çərşənbəsi. Novruzun təbiətin 4- su,od,yel ünsürü üstündə mövcud olan çərşənbələrinin sonuncusu da artıq yurdumuza qədəm qoyub. Azərbaycanın şimal zonasında yaşayan tatların,qrızlıların,axısxa türklərinin çərşənbə adətlərindən sonra tanışlıq növbəsi ləzgilərə çatıb. Qusarlılar Novruz bayramını ləzgi dilində qırmızı gün anlamını verən Yaran suvar adlandırırlar.Bu rahonds Novruzun bütün çərşənbələri kimi,sonuncu torpaq çərşənbəsi də özünəməxsus qaydada -xüsusi coşqu ilə keçirilir.

Yazın bir addımlığında olan ilaxır çərşənbəsinin gəlişilə qış yuxusuna getmiş torpaq oyanır,dirçəlir. Təmizlik -əkin işlərinə start verilir, kəndli bərəkət sandığı torpağı bir daha dirildərək bll məhsulun təməlini qoyur. İndi Qusarın bütün  yaşayış məntəqələrində kütləvi şəkildə həyət-bacalarda təmizlik, əkin-torpaq bellənməsi işləri aparılır. Yaran suvarın sonuncu çərşənbəsilə bağlı Qusarda xeyli el inancları və adətləri var.

Bu adətləri rayonun əksər kəndlərində ,demək olar, ANS-də işlədiyim dövrdə çox görmüşəm. Rayonun Hil kəndində maili qazılmış torpaqdakı lağımdan  xəstə uşaqları keçirmək çox qədim adətdir. Buna çillədən çıxarmaq deyilir. İnanca görə, lağımdan  keçən uşağa ilahidən şəfa,sağlamlıq verilir. 

Milli dildə "git"adlanan qovurğa da xüsusi qaydada bişirilir. Belə ki, qarğıdalı, buğda, noxud  və lobyadan ibarət olan hədik Qusarda kəllə paça suyunda bişirilir. Novruz çərəzi olan qovurğa duzlu suda bişirilir,sonra ocaqda sac üstündə qovrulur. Sacda qovrulmuş qovurğa əl dəyirmanında üyüdülür, üzərinə iştaha uyğun bal, doşab, şəkər tozu tökülərək yeyilir ki, bu yemək də Qusarda sov-yəni qovut adlanır.

Əsasən dənli bitkilərdən hazırlanan bu yeməklər də, inanca görə,bolluq və bərəkət rəmzi sayılır. İlaxır çərşənbədə Qusar sakinlərinin süfrəsini "çaxar"- yəni yarma aşı,"afar"- yəni qutab,"skan"-yəni tərkibində soğan,kartof,ət,un olan bir neçə qatdan ibarət kömbə çörək mütləq olmalıdır.

Çərşənbə süfrəsində müxtəlif  bayram şirniyyatlarının olmaması da mümkün deyil. Azətbaycanlıların sevimli şorqoğalı  ilə yanaşı,qusarlı qadınlar şirin qoğal hazırlamağı da çox sevirlər və gəlin köçən qızlar ər evinə  şirin qoğalsız  yola  salınmırlar. İlaxır çərşənbə günündə də Novruzun ənənəvi tonqalı qalanır.Uzaqdan hər kənddə görünən tüstü baharın qapının astanasında olmasından xəbər verir.

Bu gün də belədir. Odlar yurdu Azərbaycanın hər qapısında olduğu kimi, Qusarda da ilaxır çərşənbədə bütün milli adətlər icra olunur. Unudulmamaq üçün, əsrlər boyu bu adətlərin yaşaması, bolluq, bərəkət,təravət rəmzi Baharın  pişvazına çıxmaq üçün.....

İstiPress-in Şimal bürosundan

Aytəkin Alxaslı