İlaxır çərşənbə - arzuların gerçəkləşdiyi bayram

14 Mart, 2017 00:00 | Həyat Tərzi | Baxış sayı: 683
Bayram süfrəsi
Bayram süfrəsi

Azərbaycan sonuncu çərşənbəni qeyd edir

Nişanlı qızlar bu günü səbirsizliklə gözləyir. Su şərşənbəsində suların donu açıldı, od çərşənbəsində tonqalların qalanması ilə yerə istilk, hərarət gəldi. Bu hərarətdən ruhumuz təzələndi. Yel çərşənbəsi bahar ovqatımıza yeni bir ab-hava gətirdi. İlaxır çərşənbələrin sonuncusu -torpaq çərşənbəsi isə Novruzun müjdəçisi olduğu üçün bizə daha əzizdir. 
Teoloji düzümdə sonuncu  olan torpaq  çərşənbəsinin gəlişi  Lənkəranda  bayram kimi qarşılanır. Ertədən evin xanımları xalça-palazları həyətə çıxarır, yazqabağı havaya verir ki, evdəki ab-hava təzələnsin, ocağa təzə nəfəs gəlsin. Yorğan-döşəkləri, cer-cehizləri havaya çıxartmaq da sınanmış inaclardan sayılır və bu günə kimi yaşayır. Torpağı cana gətirmək üçün ağacların dibini yumşaltmaq, gövdələrini əhəngləmək adəti də uzun illərdən bəri  qorunub. Ən gözəl adətlərdən biri də nişanlı qızların evinə bayram şirniyyatlarının, çərəzlərinin, meyvələrinin və geyimlərinin yığıldığı qırmızı örtüklü xonçaların gətirilməsidir. Bayram xonçasında balıq mütləq qoyulur. Özü də balığın ağzında qızıl sikkə, bər-bəzək olmaq şərti ilə... 

Lənkəranlıların çərşənbə süfrəsini sin hərfi ilə başlayan 7 nemətsiz, ələlxüsus, balıqsız təsəvvür etmək mümkün deyil. Bu 7 nemət – səbzi kükü, səbzi-tərə, simuzər-balıq, səməni, sirkə-sarımsaq, su, sikkə, sumaq varlı kasıblığından asılı olmayaraq hamının  çərşənbə süfrəsində  olur. İlaxır çərşənbə axşamı hər həyətdə 7 ocaq qalanır. Ailə üzvləri ocağın üstündən 7 dəfə atlanır, "ağırlığım-uğurluğum odlarda yansın" deyir.

Məhz bu mərasimdən sonra ailə süfrənin başına yığışır, evin xanımı üzərlik yandıraraq süfrənin, ailə üzvlərinin başına dolandırır. Sonra adam başına şamlar yandırılır. Dualar edildikdən sonra çərşənbə süfrəsinə əl uzadılır.

Yaşı 80-ni haqlamış Sona Fərziyevanın ilaxır çərçənbə adətləri ilə bağlı dediklərisə olduqca maraqlıdır:"Hansı adam niyyət eləsə - istər subay qızlar, istər başqa niyyət edənlər nəlbəkidə bir yumurta, bir qırmızı qələm, bir də köz qoyurlar təndirə. Əgər niyyəti qəbul olunsa, bu gecə qırmızı qələm yumurtaya dəyər.

İlaxır çərşənbə axşamı evdə dava-dalaş,qeybət etmək günah sayılır. Əksər bölgələrdən fərqli olaraq Lənkəranda qulaq falına məhz ilin son çərşənbəsində çıxılır. Qədim inanclara görə qapıda ilk eşitdiyin söz sonrakı bir il  ərzindəki yaşamını müəyyən edir.Bu axşam toran düşəndən sonra evdən nə pul, nə də çörək və ya çörək məmulatları, duz vermək də olmaz.Deyilənə görə, bu evin bərəkətinin qaçmasına səbəb olar.

El arasında belə bir deyim də var ki, çərşənbə qarğışı daşı dələr, alqışı daşı göyərdər. Elə isə qoy hər birimizin arzusu açılan qönçələrlə, göyərən zəmilərlə, yaşıllaşan təbiətlə birgə göyərsin, niyyətləriniz çin, arzularınız hasil, süfrələriniz ruzili olsun. İlaxır çərçənbəniz mübarək!

Esmira İSMAYILOVA/ İstiPress