Bu gündən Məhərrəm ayı başlayır

11 Sentyabr, 2018 08:35 | Həyat Tərzi | Baxış sayı: 1076
Bakıda Aşura mərasimi
Bakıda Aşura mərasimi

İbadət məkanlarından kənarda yürüşlərə çıxmaq, özünə və ətrafdakılara xəsarət yetirə biləcək alətlər yolverilməzdir

Bu gündən Hicri təqvimi ilə Məhərrəm ayı başlayır. Miladi təqvimi ilə sentyabrın 11-i Məhərrəm ayının ilk günüdür. Aşura sentyabrın 20-nə təsadüf edəcək. Oktyabrın 11-də başlayacaq Səfər ayı Miladi təqvimi ilə noyabrın 8-də başa çatacaq. 

Qeyd edək ki, Məhəmməd peyğəmbərin (s) nəvəsi imam Hüseyn (ə), onun ailə üzvləri və tərəfdarları Hicri-qəməri təqvimi ilə 61-ci ildə Kərbəlada şəhid ediliblər.

QMİ qeyd edib ki, Məhərrəmlik mərasimləri İmam Hüseynin (ə) şəninə uyğun və amallarına yaraşan tərzdə qeyd edilməlidir. Mövcud qanunvericiliyə əsasən, təziyə məclisləri məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə təşkil olunmalı, ictimai asayişə mane olmamalıdır. Dini mərasim və ayinlər yalnız QMİ-nin rəsmi şəkildə təyin etdiyi din xadimləri tərəfindən idarə edilməlidir.

Din xadimləri moizələrində Həzrət Hüseynin (ə) mübarizəsinin və Kərbəla faciəsinin mahiyyətini düzgün çatdırmalı, şəhidlik fəlsəfəsinin açıqlanmasına, habelə vətən təəssübü və milli mənafelərimizin təbliğinə çalışmalıdırlar. İbadət məkanlarından kənar ərazilərdə kütləvi yürüşlərə çıxmaq, özünə və ətrafdakılara xəsarət yetirə biləcək alətləri, başqa ölkələrin bayraq və digər dövlət rəmzlərini mərasimlərə gətirmək yolverilməzdir.

Soyunmaq, zəncir vurmaqla bədənə xəsarət yetirmək və baş yarmaqla qan çıxarmaq İslam qanunlarına ziddir və İmamin, Kərbəla şəhidlərinin xatirəsinə hörmətsizlikdir. Eləcə də, təziyə məclislərində uşaqların iştirakı qeyri-məqbuldur. Allah rizası üçün İmam Hüseynə (ə) məhəbbətini izhar etmək istəyənlər bu tövsiyələrə əməl etməlidirlər. Din xadimləri Qazılar Şurasının Fətvasını məscidlərdə oxumalı və bu tövsiyələrə bütün dini mərasimlərdə əməl olunmalıdır.