Dünyanın ən yaşlı rusu öldü - 123 yaşında

11 May, 2019 11:44 | Həyat Tərzi | Baxış sayı: 106
Appaz İliyev
Appaz İliyev

Appaz İliyev heç vaxt siqaret çəkməyib, içki içməyib

Rusiyanın ən yaşlı sakini öldü. İstiPress-in yerli mətbuata istinadla verdiyi məlumata görə, İnquşetiya sakini olan Appaz İliyevin 123 yaşı var idi. Yaşlı kişi xəstəxanada keçinib. 

O bir neçə gün öncə reanimasiyaya yerləşdirilmişdi. Həkimlər rekordçunun həyatı uğrunda mübarizə aparsalar da onu xilas edə bilməyiblər. 

İnquşetiya rəhbəri Yunus Bəy Yevkurov da bu xəbəri sosial şəbəkədəki səhifəsindən paylaşıb. "İliyev 8 uşaq, 35 nəvə, 34 nəticə, bir neçə kötücə sahibi idi". 

A.İliyev Quli kəndində XIX əsrdə 1 mart 1896-cı ildə anadan olub. Onun sənədləri bu il ən yaşlı sakin kimi Ginnesin rekordlar kitabına təqdim edilməli idi. 

A.İliyev özü demək olar  ki, doğulduğu kənddən heç yerə çıxmayıb. Rus dilini pis bilən inquşetiyalı kişi yaxınlarının köməyi ilə verdiyi müsahibələrdə uzunömürlülüyün sirrini cəld və hərəkətli olmaqda görürdü. O, heç vaxt içki içməyib, siqaret çəkməyib. Peyvənddən başqa dava-dərman qəbul etməməyə çalışıb. Ancaq öz bostanından olan meyvə tərəvəzi yeyib, süd məhsullarındna istifadə edib.