Cənub bölgəsinin məşhur qış yeməyi -Çölmə kabab

11 Fevral, 2017 12:56 | Həyat Tərzi | Baxış sayı: 745

Çöl quşlarının ətindən bişirilən bu yeməyin dadına doymaq olmur

Lənkəranda  ilin soyuq aylarında ən çox yeyilən və ən çox sevilən yemək çölmək kababıdır. Bişirilməsi çox vaxt tələb etməsə də peşəkarlıq vacibdir. Bu yeməyin  əsas özəlliyi  onun  xüsusi saxsı qabda bişməsidir.

Lənkəranlı xanımlar çölmək kababını  əsasən çöl quşlarından- çöl ördəyi, gəraf, qaşqaldaqdan bişirirlər. Bu yeməyin bişirilməsinə lazım olan  ərzaqlar- təmizlənmiş, duz, istiot, turşu vurulmuş çöl quşu, qoz-soğan qatışığından hazırlanmış   ləvəngi, ədviyat, turşu, pomidor bəkməzi.

Çölmək kababının  bişirilməsi üçün  qoz   ləvəngisi əvvəlcə  çöl quşlarının içinə, daha sonra isə  saxsıdan olan çölmək qabına əlavə edilir. Qazana qədərincə su töküləndən sonra  pomidor bəkməzi, alça turşusu, yağ, ədviyyat kimi isə  darçın əlavə olunur. Sonra  qazanın qapağı qoyulur və  bişməsi üçün sobanın üstünə qoyulur. Evdar xanımlara xatırladaq ki, saxsıdan olduğu üçün çölmək qabını gur yanan alova qoymaq olmaz. Bu həm  yeməyin dadını itirər, həm də saxsı qazan parçalana bilər. Yemək  ya ocağın, ya da  elektrik sobasının  üstündə, vam odda bişməlidir. Çöl quşları gec qaynadığına görə, bu yeməyin bişirilməsinə ən azı bir saat yarım vaxt tələb olunur. Bişəndən sonra adətən plovla yeyilir.Bu zaman süfrəyə sirkəyə qoyulmuş badımcan, sarımsaq qoymaq məsləhətdir.

İstiPress-in Cənub bürosu

Esmira İsmayılova