Tamaşaçıya işgəncə verən televiziyalar

10 Yanvar, 2017 14:00 | Həyat Tərzi | Baxış sayı: 494
Televiziya
Televiziya

Millət vəkili Qənirə Paşayeva sosial şəbəkədə televiziyaların bərbad durumu ilə bağlı status paylaşıb. Ümumiyyətlə, son zamanlar tamaşaçılarda televiziyalara qarşı bir aqressiya və inamsızlıq müşahidə edilməkdədir. Maraqlıdır, televiziyalara belə yanaşmanın səbəbi nədir?

İnformasiya siyasətinin çöküşü

Bu gün televiziyalara inamsızlığın yaranmasının ən ciddi səbəbi, sözsüz ki, informasiya siyasətinin çöküşü ilə bağlıdır. Çox qəribədir ki, baş verən proseslərə, hadisələrə sosial şəbəkələrdə daha aktiv və tez reaksiya verilir, nəinki televiziyalarda. Bunun isə bir sıra səbəbləri var. İlk səbəb budur ki, hazırda televiziyalarda informasiya ilə doğru və düzgün rəftar edəcək peşəkarlar kifayət qədər azdır. Yəni, baş verən hadisəyə necə reaksiya verməli olduqlarını sonuna qədər anlaya bilmirlər. Elə buna görə də televiziyalarda xəbər payı ciddi şəkildə azalıb və daha çox xarici xəbərlərə üstünlük verilir. Məhz bu naşılığa görə xəbər sistemində çalışan jurnalistlərin əksəriyyətində daxili senzura problemi yaranıb. Çünki xəbəri necə təqdim edəcəyini bilməyən jurnalist qorxu ilə üz-üzə qalır və qorxunun təsirindən öz daxilində bir senzura yaradır. Daxili senzura isə sözsüz ki, xəbərin keyfiyyətinə həlledici təsir göstərir. Bu gün sosial şəbəkələrin, xəbər portallarının daha effektli olmasının səbəbi də daxili senzuradan azad olmalarıdır.

Efir mədəniyyətinin yoxa çıxması

Bu gün televiziyalarda yaşanan problemlərdən biri də efir mədəniyyətinin sıradan çıxmasıdır. Bunun isə bir neçə səbəbi var. İlk növbədə yenə də kadr məsələsi gündəmə gəlir. Söz ehtiyatı, informasiyasızlıqdan əziyyət çəkən əksər aparıcı efirdə fərqlənmək üçün ən aşağılayıcı addımları belə atmağa məcburdur. Biri efirdə həyat yoldaşını belində gəzdirir, biri unitazın üstündə oturaraq veriliş aparır. Efir mədəniyyətinin sıradan çıxması isə özlüyündə zövqsüzlüklə nəticələnir və bununla da zövqünə hörmət edən tamaşaçı tamaşaçı olmaqdan imtina edir. Efir mədəniyyətinin zədələnmə səbəblərindən biri də televiziyalarda sağlam rəqabətin olmamasıdır. Məhz buna görə efirdə daha çox ajiotaj yaradacaq addımların atılmasına üstünlük verilir.

Mövzu qıtlığı

Bu gün televiyaların bərbad duruma düşməsinin başlıca səbəblərindən biri də mövzu qıtlığının yaranmasıdır. Diqqət etsəniz, kanallar efiri doldurmaq üçün daha çox aqressiyaya və məişət problemlərinə daha çox üstünlük verirlər. Mövzu qıtlığının yaratdığı problemlərdən biri də təkrarçılığın baş verməsidir. Demək olar ki, kanallarda sistemli olaraq mətbəx, əyləncə, kriminal verlişləri nümayiş etdirilir və bayağı yüklü bu proqramlara baxmaq, sadəcə olaraq, əzab çəkməkdən başqa nəsə deyil. Bunu da qeyd edək ki, televiziyaların istehsal etdikləri seriallar da demək olar ki, təkrarçılıqdan başqa bir şey deyil.

Sonda bunu da qeyd edək ki, televiziyaların ciddi problemlərindən biri də efirə dəvət olunan ekspertlərin böyük əksəriyyətinin savadsızlığıdır. Bütün bunlar isə sözsüz ki, tamaşaçıları televiziyalardan uzaqlaşdırır.

Eldəniz Elgün