Azərbaycanın ən məşhur və ən çirkli sahili - VİDEO

09 Fevral, 2018 17:57 | Həyat Tərzi | Baxış sayı: 384
Nabran sahilləri
Nabran sahilləri

Məşhur Nabran bu gün. Xəzər dənizinin Xaçmazın Nabran kəndi ərazisində qış turizmi istənilən səviyyədə-normal vəziyyətdə deyil. Müşahidələrimiz belə deməyə əsas verir.

İstiPress-in şimal bürosunun məlumatına görə, dəbdəbəli villa və imarətlərlə dolu olan bu məşhur məkanda yay aylarında gur qələbəlik yaşansa da, qış aylarında səssizlik, cansıxıcı sükut hökm sürür. Həm də təkcə sükut yox. Dəniz sahili boyu natəmizlik, səliqəsizlik hökm sürür, zibil və digər məişət tullantılarının atıldığı Nabran sahillərində yay aylarında insanların gölgəsində dincəldiyi üstüörtülü istirahət guşələrinin uçulub dağıldığını görmək də mümkündür. Müntəzəm olaraq bütün ərazinin kanalizasiya sularının Xəzər dənizinə axıdılması qış mövsümündə də müşahidə olunur.

Nabranda qış aylarında turistlərin azlığı da diqqətdən qaçmır.Yay aylarında 40-yaxın istirahət mərkəzinin olduğu bu məşhur məkanda qışda cəmi yeddisi fəaliyyət göstərir. Həmin istirahət mərkəzlərində bir turistin bir gecə qalması üçün qiymətlər 25-150 manat arasında dəyişir. Apardığımız müşahidələri əsas bir məsələ üstündə qurmaq fikrindəyik. Nabranda qış turizmi niyə inkişaf etdirilmir? Dəniz sahili boyu təmizlik yaradıb xüsusi ictimai iaşə guşələri yaratmaq olmaz ki, qışda dəniz sahilinə gələn turistlər bundan istifadə etsinlər? Turist tanıyıram ki, Şahdağa gəlib qar, xizək, kanat gəzintisindən sonra Nabranda dəniz havası da udmaq istəyir, amma şəraitsizlikdən dəniz sahilinə gələ bilmir.

Düzdür, istirahət mərkəzlərindən qışda turist qəbul edənləri var, amma qiymətlər bahadır, hər adam gələ bilmir. Nabranla bağlı hökumət infrastruktur baxımından xeyli iş görür. Sovet dövründən belə, mavi yanacaq olmayan Nabran İƏD üzrə 6 yaşayış məntəqəsinə artıq qaz çəkilişi başa çatıb, hazırda sayğaclaşma işləri aparılır. “Azəriqaz”ın sifarişilə qazlaşma işlərini həyata keçirən podratçı təşkilatın nümayəndəsi Behbud Həsənovun İstiPress-in şimal bürosuna verdiyi məlumata görə, yaxın günlərdə Nabranın 6 yaşayış məntəqəsində 736 abonent mənzillərində mavi alov görə biləcəklər.

Nabran kəndinə gələn yolun da yenilənməsinə artıq start verilib, hazırlıq işlərinə başlanılıb. Yeri gəlmişkən deyək ki, Nabran istirahət zonasının mövcud vəziyyəti prezident İlham Əliyevin xüsusi nəzarətindədir. Ölkə başçısı 2016-cı il sentyabr ayının 8-də Xaçmaza səfəri zamanı özü təkbaşına Nabrana baxış keçirib, buradakı vəziyyəti yerindəcə görüb. İlham Əliyevin "Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına da dair tədbirlər planının tədiq edilməsi" haqqında 30 mart 2017-ci il tarixli sərəncamı məhz digər dəniz sahili məntəqələri kimi, Nabran çimərliklərinin də yenidən qurulması məqsədini daşıyır. Yeni çimərliklərlərin salınması işlərini həyata keçirmək isə əlaqələndirici orqan kimi Mədəniyyət və Turizm Nazirliyinə həvalə olunub. Keçən yay mövsümü nazirlik tərəfindən bir neçə çimərliyin yaradılacağı deyilsə də, bu,reaallaşmadı.

Xaçmaz regional mədəniyyət və turizm idarəsinin rəisi Nazim Ağayev konkret açıqlamasa da məlumat verdi ki, Nabranda olduqca möhtəşəm layihə həyata keçiriləcək, hazırda üzərində işlənilir. Arzu edək ki, Nabran yenilənərkən yolboyu göbələk kimi sanki yerdən çıxan bəsit, köhnə, şəraitsiz, primitiv kafe və əyləncə yerlərini müasirləri əvəz eləsin. Həm də bu məşhur məkanda qış turizmi də geniş inkişaf eləməlidir. Əgər Nabran sahilləri qışda normal, müasir səviyyədə olarsa, orda turistləri daha çox görə bilərik.