74 yaşlı qadın əkiz doğdu

06 Sentyabr, 2019 09:51 | Həyat Tərzi | Baxış sayı: 202
Əkizlər
Əkizlər

Yaşlı qadın süni mayalanma yolu ilə hamilə qalıb

Hindistanda 74 yaşlı qadın ana olub. Qadın iki körpə dünyaya gətirib. Tibb aləminin nadir hadisələrindən biri Andxra-Pradeş ştatında qeydə alınıb. 

Əkizlərin doğulduğu xəstəxananın baş həkiminin sözlərinə görə, hamiləlik süni mayalanma yolu ilə baş tutub, körpələr isə qeysəriyyə əməliyyatı ilə dünyaya gəliblər. "Əməliyyat rahat oldu. Ana da, körpələr də özlərini yaxşı hiss edirlər". 

Erramatti Mangayamma adlı qadın uşaqlara ana südü verə bilmir. Bunun üçün də onlar donor bankından süd alırlar.

Mangayamma və 80 yaşlı əri Raya Rao 1962-ci ildə ailə qurublar. Son 57 ildə onlar övlad sahibi ola bilmək üçün saysız müalicələr alıblar. Lakin süni mayalanma sayəsində qadın ancaq 74 yaşında hamilə qala bilib.

Xatırladaq ki, bu ahıl yaşda dünyaya övlad gətirən ilk qadın deyil. 2008-ci ildə Hindistanda 70 yaşlı başqa bir qadın da əkiz anası olmuşdu.