Şimalda böyük turist axını

06 Yanvar, 2020 16:54 | Həyat Tərzi | Baxış sayı: 315

Şahdağ-Aladaş yolunda əməlli-başlı tıxac yaranıb

Ölkəmizdə Yeni ilin gəlişi və Dünya Azərbaycanlılarının həmrəyliyi günü ilə bağlı vətəndaşlara verilən 7 günlük tətildə "Şahdag"a 30 min turist gəlib.

İstiPress-in şimal bürosuna məlumatı Qusarda yerləşən "Şahdağ" turizm mərkəzinin marketinq direktoru Rauf Cahangirov verib.

Onun sözlərinə görə, bayram günlərində kompleksə gələnlər arasında ən çox yerli turistlərin çoxluğu diqqət çəkib: "İkinci yeri Rusiyanın Dağıstan Respublkasından gələn, 3-cü yeri Qazaxıstan və 4-cü yeri Avropa ölkələrindən gələn turistlər və Azərbaycanda yaşayan avropalılar tutub".

Bayram tətili günlərində mərkəzdə ən çox sıxlıq yanvarın 2-də qeydə alınıb. İstiPress-in şimal bürosu bu sıxlığın şəxsən şahidi olub. Günün ikinci yarısından qəfil başlayan qar və yolun sürüşkən olması, üstəlik də gələn turistlərin həddən çox olması Şahdağ-Aladaş yolunda əməlli -başlı tıxac yaradıb. Müşahidələrimizə görə, əksər nəqliyyat vasitələrinin təkərlərinin yay rejimində olması tıxacın daha da çox olmasına gətirib çıxarıb.

Mərkəzin ərazisində təhlükəsizlik xidmətinin və yolboyu gücləndirilmiş reyimdə çalışan Qusar rayon polis şöbəsinin Şahdağ bölməsinin əməkdaşları sıxlığın aradan qaldırılmasına çox kömək ediblər. Polis əməkdaşları qış mövsümündə dağ kurortuna gələn turistlərə  idarə etdiyi avtomobillərdə mövsümi hazırlıq və təhlükəsizlik tədbirlərinə əməl etmələrini tövsiyyə edib. Ümumiyyətlə, Qusar polisinin də  gücləndirilmiş rejimlə xidmət göstərməsi "Şahdağ"da və ümumən rayonda hər hansı ciddi hadisənin baş verməməsinə gətirib çıxarıb.

Azərbaycanda artıq 7 ildir fəaliyyət göstərən"Şahdağ" istirahət mərkəzi turistlərə dağ-xizək və digər qış idman növləri üzrə xidmət edir və bu xidmət, rəqəmlərdən də göründüyü kimi, öz ətrafına geniş insan kütləsi toplaya bilib. Bu barədə danışan marketinq direktoru Rauf Cahangirov açıqlama verib ki, mərkəzin ərazisində dünya standartlarına cavab verən restoran və SPA mərkəzlərilə yanaşı, 4 növdə 15 ədəd  kanat xətti-asma buraz yolları, xizəkçilik, snoubord mərkəzi  fəaliyyətdədir. Kanat yolları turistlərə bir neçə formada-oturacaqlı, budel, xalça və qondola formasında təklif olunur və  effekt göz qabağındadır. Gələn qonaqlar idmanın bu növünə xüsusi maraq göstərirlər.

Bayram tətili günlərində həm yerli, həm də əcnəbi turistlər dəniz səviyyəsindən 1435-2351 metr hündürlükdə yerləşən Şahdağda hər növ qış əyləncələrindən bəhrələniblər və mövsüm ərzində bu əyləncələr gələn qonaqların istifadəsində olacaq. Turistlər həmçinin  2351 metr hündürlükdə yerləşən və ölkənin ən hündür nöqtəsində yerləşən dünya standartlarına cavab verən restoranın xidmətindən və digər qış əyləncələrindən istifadə ediblər.

"Şahdağ"da qiymətlər həmişə maraqlı olub. Aldığımız məlumata görə, otellərdə qiymətlər 1 gün üçün 2 nəfərlik səhər yeməyi daxil olmaqla  110 manatdan başlayır. Kanat yola giriş 1 nəfər üçün həftəiçi 10, uşaqlar üçün  7, həftəsonu isə böyüklər sçün 15, uşaqlar üçün isə 10 manat təşkil edir. Xizəklə sürüşmək həftəiçi 1 nəfərə  25, sonu isə 30 manata başa gəlir. Müşahidələrimiz onu da göstərir ki, "Şahdağ"da restoran və kafelərdə qiymətlərin bahalığı turistlərin əsasən Qusar şəhərindəki istirahət mərkəzləri və restoranlara ayaq açmasına gətirib çıxarıb. Bayram günlərində Qusarın restoran və turizm mərkəzlərində yaşanan insan sıxlığı belə deməyə əsas verir. Ümumiyyətlə, şimalda yerləşən bu dağ kurortu bölgədə sosial-iqtisadi durumun daha da yaxşılaşmasına səbəb olub.