Fətva verildi - Məhərrəmlik nə vaxt başlayır?

04 Sentyabr, 2018 11:36 | Həyat Tərzi | Baxış sayı: 17238
Məhərrəm ayı
Məhərrəm ayı

Aşura günün də vaxtı açıqlanıb

Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Məhərrəm ayının başlanması ilə bağlı fətva verib. Fətvaya əsasən, hicri 1440-cı ilin başlanğıcı – Məhərrəm ayının 1-i miladi təqvimlə 2018-ci il sentyabrın 11-nə düşür. Fətva da qeyd edilir ki, Aşura günü sentyabrın 20-nə təsadüf edəcək.

"Məhərrəm tarix boyu bütün səmavi dinlər tərəfindən sülh və əmin-amanlıq ayı kimi qəbul edilmiş, fəqət hicri 61-ci ildən etibarən bu ayın onuncu günü olan Aşura yaddaşlara tarixi ədalətsizlik və hüzn günü kimi daxil olub. Aşura hadisəsində Əməvi xəlifəsi Yezidin göstərişi ilə Həzrət Peyğəmbərin (s) əziz nəvəsi İmam Hüseyn (ə), o cümlədən Rəsulullahın (s) səhabələri, Əhli-Beyt və tərəfdarları Kərbəla çölündə şəhid edilmiş, ailələri əsir alınıb". 

QMİ qeyd edib ki, Məhərrəmlik mərasimləri İmam Hüseynin (ə) şəninə uyğun və amallarına yaraşan tərzdə qeyd edilməlidir. Mövcud qanunvericiliyə əsasən, təziyə məclisləri məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə təşkil olunmalı, ictimai asayişə mane olmamalıdır. Dini mərasim və ayinlər yalnız QMİ-nin rəsmi şəkildə təyin etdiyi din xadimləri tərəfindən idarə edilməlidir. Din xadimləri moizələrində Həzrət Hüseynin (ə) mübarizəsinin və Kərbəla faciəsinin mahiyyətini düzgün çatdırmalı, şəhidlik fəlsəfəsinin açıqlanmasına, habelə vətən təəssübü və milli mənafelərimizin təbliğinə çalışmalıdırlar. İbadət məkanlarından kənar ərazilərdə kütləvi yürüşlərə çıxmaq, özünə və ətrafdakılara xəsarət yetirə biləcək alətləri, başqa ölkələrin bayraq və digər dövlət rəmzlərini mərasimlərə gətirmək yolverilməzdir.

Soyunmaq, zəncir vurmaqla bədənə xəsarət yetirmək və baş yarmaqla qan çıxarmaq İslam qanunlarına ziddir və İmamin, Kərbəla şəhidlərinin xatirəsinə hörmətsizlikdir. Eləcə də, təziyə məclislərində uşaqların iştirakı qeyri-məqbuldur. Allah rizası üçün İmam Hüseynə (ə) məhəbbətini izhar etmək istəyənlər bu tövsiyələrə əməl etməlidirlər. Din xadimləri Qazılar Şurasının Fətvasını məscidlərdə oxumalı və bu tövsiyələrə bütün dini mərasimlərdə əməl olunmalıdır.

QMİ-nin təşəbbüsü ilə gerçəkləşən və təziyə günlərində ehtiyacı olan xəstələr üçün təşkil edilən İmam Hüseyn xatirinə könüllü qanvermə aksiyaları cəmiyyətin təqdirini qazanıb. Respublika Səhiyyə Nazirliyi QMİ-nin başlatdığı bu kampaniyaya dəstək əlaməti olaraq məscidlərlə yanaşı, ibadət məkanlarına yaxın ərazilərdə yerləşən tibb məntəqələrində (xəstəxana və poliklinikalarda) də qanvermə aksiyalarının həyata keçirilməsini təmin edəcək. 

"Bu gün dünyada, xüsusilə də müsəlman aləmində radikal qüvvələrin terror və təxribatçılıq fəaliyyəti nəticəsində müharibə və qırğınların artdığı bir dövrdə vətənimiz Azərbaycanda dövlət və xalq birliyi sayəsində ictimai asayiş və əmin-amanlıq mövcuddur. Ölkə müsəlmanları olaraq bu nemətə görə Allah-Təalaya şükürlər edirik. Konstitusiya quruluşunun əsaslarına və dövlətçiliyə qarşı təxribat xarakterli dini şüarların səsləndirilməsini, vətəndaşların din pərdəsi altında dövlətə qarşı itaətsizliyə çağırılmasını, məzhəb və etnik zəmində qarşıdurmaya təhriki qətiyyətlə pisləyir və hesab edirik ki, dövlətimiz və xalqımız belə əməllərə layiqli cavab verəcək, məkrli qüvvələrin İmam Hüseyn (ə) təziyadarlığından siyasi təxribatlar üçün istifadəsinə imkan verməyəcək". 

QMİ, məzhəbindən asılı olmayaraq bütün ölkə müsəlmanlarına islami həmrəylik nümayiş etdirərək İmam Hüseyn (ə) mərasimlərində birgə iştirak etməyi, İmam (ə) və Kərbəla şəhidləri ilə yanaşı Qarabağ, Xocalı şəhidlərimizin ruhuna dualar etməyi tövsiyə edir.

Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Azərbaycan dövlətçiliyinin əsasını qoymuş Ümummilli Lider Heydər Əliyevə Allah-Təaladan rəhmət diləyir, dövlətimizin siyasi-iqtisadi və mənəvi inkişafı üçün misilsiz səylər göstərən, tolerantlığın və multikultural dəyərlərin təminatçısı və himayədarı olan, dünya miqyasında İslam həmrəyliyi ideyalarını müdafiə edən dövlət başçımız İlham Əliyevə fədakar fəaliyyətinə Uca Allahdan inayət arzulayır, xalqımızın əmin-amanlığı və rifahı üçün dualar edir. Allah köməyimiz olsun!

Vəssəlamu əleykum və rəhmətullahi və bərəkatuh!”.