Ramazanın son günü - Sabah bayram namazı qılınacaq

04 İyun, 2019 08:41 | Həyat Tərzi | Baxış sayı: 170
Bayram namazı qılan müsəlmanlar
Bayram namazı qılan müsəlmanlar

Namaz saat 08:00-da “Əjdərbəy”, 09:00-da isə “Təzə Pir” məscidində qılınacaq

Bu gün müqəddəs Ramazan ayının sonuncu günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, Bakıda oruc tutanlar bu il üçün son iftarlarını saat 20:23-də açacaqlar. 

Ölkə ərazisində sabah Ramazan bayramı qeyd ediləcək. Fitr bayramı (Şəvval ayının 1-i) Ayın üfüqi ərazidə görünməsinə əsasən bu il iyunun 5-nə təsadüf edir. Ramazan ayının başa çatması ilə əlaqədar iyunun 5-də saat 08:00-da “Əjdərbəy” məscidində, saat 09:00-da isə “Təzə Pir” məscidində bayram namazı qılınacaq.

Orucluğun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, fitrə zəkatı Yaradana şükrün bir ifadəsi və canın sədəqəsi hesab olunur. Maddi baxımdan imkanı olan müsəlmanın, ailəsinin hər bir üzvü üçün, fitrə zəkatı çıxarıb imkansızlara və ehtiyac sahiblərinə verməsi vacibdir.

Qazılar Şurası hazırkı şəraitə uyğun olaraq fitrə zəkatının adambaşına 5-10 manat dəyərində verilməsini məsləhət görür.

Fitrə zəkatını bayram namazına qədər çıxarılması vacibdir.