Yemək üçün Şahdağdan Qusara qaçan turistlər

04 Yanvar, 2018 18:24 | Həyat Tərzi | Baxış sayı: 486
Şahdağ istirahət mərkəzi
Şahdağ istirahət mərkəzi

Yeni il tətili günlərində "Şahdağ" qış-yay turizm mərkəzinə 16000 nəfər turist gəlib və onlar 5 günlük bayram tətilini əsl qış mühitində - qarlı dağların əhatəsində, təmuz dağ havasında keçiriblər.

Mərkəzin ictumaiyyətlə əlaqələr şöbəsinin müdiri Gülnar Mustafayeva bu barədə İstiPress-in şimal bürosuna məlumat verib.

Onun sözlərinə görə, Yeni il günlərində turistlər üçün maraqlı qış əyləncələri təşkil edilib və gələn turistlərin 40 faizindən çoxu xizək sürmək üçün gələn xizək həvəskarları olub.

Bayram tətili günlərində də turistlərə qiymətlərlə bağlı heç bir endirim edilməyib və həm hotellərdə, həm də qış əyləncə növlərində qiymətlər stabil qalıb.

Bayram günlərində Qusar şəhərində yerləşən restoran və yeməkxanalarda, ictimai-iaşə müəssisələrində xeyli insan sıxlığı müşahidə olunur. Bu insanlar, uzunmüddətli müşahidələrimə görə demək olar ki, əsasən "Şahdağ"dan gələn turistlərdir. Çünki əksər insanlar bu məşhur məkanda nəinki nahar, heç qəlyanaltı da edə bilmir. Səbəbsə odur ki, bu dağ istirahət məkanında hotel qiymətləri çox bahadır. "Şahdağ"mərkəzində 3 beşulduzlu, 1 dördulduzlu və 1 ulduzlu hotel var ki, burada qiymətlər 140 manat - 270 manat arasında dəyişir və bu qiymətlər otağın şəraitinə, turistin sayına, həftəiçi və ya şənbə -bazar günləri olmasına görə tənzimlənir.

Beləliklə, gəlib bir gün üçün, məsələn, xizək sürməkdən ötrü 45 manat ödəyən turistin burada gecələmək və nahar eləmək üçün, təbii ki, imkanı olmur və yemək yeməyi Qusar şəhərindəki restoranlarda planlaşdırmalı olur. Bunu Şahdağdan qayıdan turistlər də saytımıza müsahibələrində təsdiqləyiblər.

Qusarın bu məşhur axını olan istirahət guşəsində əyləncə növlərinin qə qiyməti də ailə şəklində gələn kasıb təbəqədən olan adamların cibinə uyğun deyil. Xizək sürmək və kanat yola qalxmaq üçün əraziyə giriş 20 manatdır. Bir nəfər 1 günlük kanata qalxmaq üçün 8 manat , 1uşaq üçün 5 manat, xizəkdə sürüşmək üçün 25 manat , 1 uşaq üçün 23 manat ödəməlidir. Mərkəzdə qış aylarında turistlərə 13 qış əyləncəsi və 11 kanat yolu və 13 xizək yamacı təklif olunub və bu əyləncələrdə də qiymətlər növünə və vaxtına görə dəyişir.