Həftəsonu doyunca yatmaq bizi xəstə edə bilər

02 Mart, 2019 16:40 | Həyat Tərzi | Baxış sayı: 97
Yuxusuzluq
Yuxusuzluq

Həftə ərzindəki yuxusuzluğu bu yolla aradan qaldırmaq risklidir

Gərgin iş və həyat tərzi nəticəsində çox insan həftə ərzində lazımi qədər yata bilmir və bu yuxusuzluğun əvəzini həftəsonu doyunca yatmaqla çıxmağa çalışır. Alimlər yeni tədqiqatlar nəticəsində sübuta yetiriblər ki, həftəsonu doyunca yatmaqla həftə ərzindəki yuxusuzluğu aradan qaldırmaq mümkün deyil.

Bu barədə araşdırma “Current Biology” elmi jurnalında dərc edilib. Bir qrup amerikalı alimin 36 könüllü üzərində bir neçə həftəlik elmi təcrübəsi nəticəsində məlum olub ki, həftəsonu doyunca yatmaqla həftə ərzindəki yuxusuzluğun əvəzini çıxmağa çalışmaq heç də uğurlu strategiya deyil. Xroniki yuxu çatışmazlığı orqanizmdə maddələr mübadiləsini pozur, qan-damar sisteminə mənfi təsir edir, müxtəlif xəstəliklər riskini artırır.

Normadan az yatmaq insan bədənində maddələr mübadiləsini pozur. Cəmi beş saat yatan şəxslərin orqanizmində insulin həssaslığı aşağı düşüb və bu cür davam edən həyat tərzi insanın ikinci tip diabet xəstəliyinə tutulma ehtimalını artırır. Çox gec saatlarda yatan şəxslər, həmçinin axşamlar daha çox qida qəbul etmələri ilə diqqəti cəlb ediblər və iki həftə ərzində orta hesabla bir kiloqram çəkiləri artıb. 

Həftə ərzində az saatlar yatan insanlar yuxu saatlarını tədricən artıraraq müntəzəm yuxu ritmlərini bərpa etməlidirlər. Lakin həftənin bir neçə günü 5-6 saat yataraq, həftəsonu istədiyin qədər yat strategiyası („Stop and Go“ prinsipi) tətbiq etmək həm uğurlu deyil, həm də xəstəliklərə yol açır. Həftə ərzində təxminən 8 saat yuxunu təmin etmək mütləqdir.