Bakıda gözəllik salonunda qətl: ər arvadını öldürdü

29 May, 2020 14:36 | Hadisə | Baxış sayı: 94
Əli bıçaqlı qatil (Arxiv)
Əli bıçaqlı qatil (Arxiv)

Qısqanclıq zəminində aralarında münaqişə yaranıb

Mayın 28-də saat 13 radələrində 1983-cü il təvəllüdlü Bakı şəhər sakini Nurana Qədimovanın işlədiyi Ramana qəsəbəsində yerləşən gözəllik salonunda bıçaqlanaraq öldürülməsi barədə daxil olan məlumat əsasında dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.

İstiPress-ə Baş Prokurorluqdan verilən məlumata görə, faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Rayonun prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin zərərçəkmişin əri, 1973-cü il təvəllüdlü Rüstəm Qasımov tərəfindən qısqanclıq zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.