Qəbiristanlıq qoruqçusunu öldürdü - dəlixanaya göndərildi

29 Aprel, 2019 18:39 | Hadisə | Baxış sayı: 64
Bıçaqlama
Bıçaqlama

Mərhumun qızı apellyasiya şikayəti vermişdi

Şirvan Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən İlqar Camalovun barəsində olan hökmdən zərərçəkmişin hüquqi varisi tərəfindən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

İstiPress-in məlumatına görə, hakim Elşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

İttiham aktına əsasən, hadisə ötən il aprelin 8-də Masallı rayonunun Mollaoba kəndində baş verib. Sumqayıt şəhərində qeydiyyatda olan İ.Camalov həmin kənddə yaşayan valideynlərinin yanına qonaq gedib. O, kənd qəbiristanlığında nəzarətçi işləyən 1970-ci il təvəllüdlü Urfan Həsənovu heç bir söz demədən bıçaqlayaraq öldürüb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Camalovun cinayəti törədən zaman anlaqsız olması müəyyən edilib. Məhkəmə onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlər görülməsi barədə qərar qəbul edib. İ.Camalov 1 saylı Respublika Psixiatriya Xəstəxanasına göndərilib. Hökmdən narazı qalan zərərçəkmişin hüquqi varisi, mərhumun qızı Mehriban Həsənova apellyasiya şikayəti verib.