Gənc oğlan anasını amansızlıqla öldürdü

29 Mart, 2020 10:59 | Hadisə | Baxış sayı: 2110
Əli bıçaqlı qatil (Arxiv)
Əli bıçaqlı qatil (Arxiv)

Boğaz nahiyəsinə zərbələr endirib

Qusarın Xürel kəndində dəhşətli qətl hadisəsi qeydə alınıb.

IstiPress-in şimal bürosunun məlumatına görə, hadisə martın 27-si axşam saat 23 radələrində kənd sakini, 25 yaşlı Nail Hacağa oğlu Əhmədov anası, 49 yaşlı Raifə Aydabəy qızı Əhmədovanın boğaz nahiyəsinə zərbələr endirərək onu öldürüb.

Hadisə törədən şəxs qanlı olayı törətdikdən sonra qohumlarına zəng edərək anasını qətlə yetirdiyini deyərək evdən qaçıb. Dərhal polisə məlumat verilib. Hadisə yerinə gələn Qusar rayon prokurorluğunun və polis şöbəsinin əməkdaşları qadının bədənində zorakılıq əlamətləri olan meyitini aşkar ediblər.

Meyitə baxış keçirilib, hadisə yeri müayinə olunub. Tibbi ekspertizadan keçirilən Raifə Əhmədovanın oğlu Nail tərəfindən bıçaqla qətlə yetirildiyi ehtimal edilir.

Əlini anasının qanına bulaşmış Nail Əhmədov hadisə yerindən qaçdığından hadisənin təfərrüatlarına varmaq hələ mümkün deyil. Qusar rayon polis şöbəsinin əməkdaşları Nail Əhmədovun tutulub istintaqa təhvil verilməsi üçün intensiv əməliyyat-axtarış tədbirləri aparırlar.

Qusar rayon prokurorluğunda CM-nin 122.4-xüsusi amansızlıqla qəsdən adam öldürmə maddəsilə cinayət işi açılıb. Hadisənin baş vermə səbəbinin müəyyən edilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir.

Anasını həyatdan məhrum etmiş Nail Əhmədov subaydır və anası ilə yaşayırmış. Atası Hacağa Əhmədov 10 il əvvəl vəfat edib.