Baş Prokurorluq: 16 yaşlı təzə gəlini 19 yaşlı əri öldürüb

29 Yanvar, 2020 19:31 | Hadisə | Baxış sayı: 458
Fatimə Qəmbərova
Fatimə Qəmbərova

İki həftə öncə toyu olan yeniyetmənin qətlinin üstü açıldı

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətləri Masallıda iki həftə əvvəl toyu olan qızın ölümü ilə bağlı birgə rəsmi məlumat yayıblar.

İstiPress-ə daxil olan məlumatda deyilir ki, yanvarın 29-da saat 11 radələrində Masallı rayonu Xoşçobanlı kənd sakini, 23 avqust 2003-cü il təvəllüdlü Fatimə Qəmbərovanın üzərində zorakılıq əlamətləri olan meyitinin rayon mərkəzi xəstəxanasına daxil olması ilə bağlı daxil olan məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib.

Məhkəmə-tibbi ekspertin iştirakı ilə F.Qəmbərovanın meyitinə baxış zamanı meyitin boyun nahiyəsində, sağ əlin arxa hissəsində, həmçinin bel nahiyəsində xəsarətlər aşkar edilib.

Məhkəmə-tibbi ekspertinin ilkin məlumatına görə, mərhumun ölümünə səbəb böyun üzvlərinin sıxılma nəticəsində yaranmış tənəffüs çatışmazlığı olub.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Masallı rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilən təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin F.Qəmbərovanın 2 həftə əvvəl evləndiyi Xoşçobanlı kənd sakini, 2001-ci il təvəllüdlü İman Məmmədov tərəfindən yaşadıqları evdə şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı sonuncunun əlləri ilə F.Qəmbərovanı boğaraq törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

İman Məmmədov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub, müdafiəçinin iştirakı ilə dindirilən zaman törətdiyi cinayət əməlini etiraf edib.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.