"Ginnesin rekordlar kitabı”na düşən faciədən 22 il ötür

28 Oktyabr, 2017 13:06 | Hadisə | Baxış sayı: 334
1995-ci il oktyabrın 28-i
1995-ci il oktyabrın 28-i

1995-ci il oktyabrın 28-i iki stansiya arasındakı tuneldə qatarın alışması nəticəsində 289 nəfər həlak olub

Bu gün Bakı Metropoliteninnin "Ulduz” və "Nərmanov” stansiyaları arasındakı tuneldə baş verən dəhşətli qəzadan 22 il ötür.

1995-ci il oktyabrın 28-i iki stansiya arasındakı tuneldə qatarın alışması nəticəsində 289 nəfər həlak olub, 270 nəfər yaralanıb. Həlak olanlardan 126-sı qadın, 28-i uşaq, 3-ü isə xilasedici olub.

Məlumata görə, tələfatın böyük olması qatarın tuneldə alışması və xilasetmə əməliyyatının yetərsizliyi ilə bağlı idi. Elə qəzanın əsas səbəbi kimi də köhnə avadanlıqlarla təchiz olunmuş qatarın nasazlığı, habelə maşinistin səhv qərar verməsi göstərilir. Həmin dövrdə Baş nazirin müavini vəzifəsində çalışan Abbas Abbasov mətbuata açıqlamasında qəzanın sırf texniki səbəbdən – avadanlığın köhnəlməsi ucbatından baş verdiyini bildirərək, faktı təsdiqləyib. Uzun müddət məsələni araşdıran istintaq qrupu da qəzanın sırf səhlənkarlıqdan baş verdiyini açıqlanıb. Beləliklə, hadisədə terror əməli aşkarlanmayıb və o, texniki qəza kimi qiymətləndirilib.

Hadisə zamanı maşinist qatarı tuneldə saxlayıb, insanlar isə təşviş içində vaqonlardan çıxıb qaçmağa başlayıblar. Havaçəkmə sistemi pis olduğundan tuneldəkilər hava çatışmazlığından və ayaq altında qalaraq ölüblər. Aparılan araşdırma nəticəsində maşinistin qatarı tuneldə saxlamaq qərarı səhv sayılmışdı. Təhlükəsizlik qaydalarına riayət edilməməkdə günahlandırılan qatarın maşinisti və dispetçeri 10 il müddətinə azadlıqdan məhrum edilib.

Prezident Heydər Əliyevin sərəncamı ilə ölkədə 3 gün matəm elan edilmiş; qəzada həlak olanların dövlət hesabına dəfn olunması və ailələrinə bir milyon manatlıq yardım verilməsi təmin olunmuşdu.

Qeyd edək ki, bu qəza "Ginnesin rekordlar kitabı” redaksiyasını ən dəhşətli metro qəzaları siyahısına yenidən baxmağa vadar etdi və "birincilik” Azərbaycana keçdi. Dünya ölkələrindəki heç bir metropolitendə indiyədək bu qədər geniş miqyaslı itki ilə nəticələnən qəza olmadığına görə, Bakı Metrosundakı 28 oktyabr qəzası "Ginnesin rekordlar kitabı”na düşüb.