Türkiyədə Qənirəni 55 bıçaq zərbəsi ilə öldürən sevgilisi özünü belə müdafiə etdi

28 May, 2019 13:43 | Hadisə | Baxış sayı: 97
Qənirə Cabbarova
Qənirə Cabbarova

"Keçmiş sevgililərindən birinin onu oteldə gözlədiyini öyrəndim"

Türkiyədə mübahisə etdiyi azərbaycanlı sevgilisi, 24 yaşlı Qənirə Cabbarovanı qətlə yetirən kişinin məhkəməsi başlayıb. Sevgilisinə 55 bıçaq zərbəsi vuran Halil Acarın ömürlük həbsi tələb edilib. O, gənc qadını qətlə yetirməsini qısqanclıqla izah edib.

O, qeyd edib ki, hadisədən 4 ay öncə Qənirənin çalışdığı barda onunla tanış olub. Bir neçə ay ərzində onu maddi, mənəvi təmin edib.

Acarın sözlərinə görə, həmin gün o sevgilisinin işlədiyi bara gedib. "Hadisə günü də keçmiş sevgililəri ilə bağlı məsəslə üzündən mübahisə etdik. Anası bizi barışdırdı. Birlikdə içməyə davam etdik. Ona yaşadığım kəndə getməyi təklif etdim. Taksidə gedərkən telefonuna zəng gəldi. 

Keçmiş sevgililərindən birinin onu oteldə gözlədiyini öyrəndiyim üçün mübahisə etməyə başladıq. Ağır təhqirlər etdi. Özümü itirdim və bıçaqladım".

Xatırladaq ki, qətl hadisəsi yanvarın 2-də İstanbulda baş verib. Qənirə Cabbarova sevgilisi ilə gecə barlarından birində əylənib. Cütlük evə qayıtmaq üçün taksiyə əyləşib. Ancaq onların arasında dava başlayıb. Bundan sonra H.Acar qadına çoxsaylı bıçaq zərbəsi endirib.