Mehriban Əliyeva keçmiş icra başçısının oğlunun bıçaqladığı qadına dəstək oldu

27 Fevral, 2020 12:30 | Hadisə | Baxış sayı: 129
Mehriban Əliyeva
Mehriban Əliyeva

Müalicə ilə bağlı xərcləri Heydər Əliyev Fondu öz uzərinə götürüb

Keçmiş əri tərəfindən 16 bıçaq zərbəsi vurulan Dilarə Bəhmənovanın müalicəsi ilə bağlı məsələlər Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Fondun dəstəyi ilə həyata keçirilir.

D.Bəhmənovanın anası Elmira Zeynalova bildirib ki, təxminən bir həftə əvvəl Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov ona zəng edərək qızının səhhəti ilə maraqlanıb:

“Anar müəllim dedi ki, Mehriban xanım qızım Dilarənin başına gələn hadisə barədə məlumatlıdır və onun müalicəsi üçün lazım olan bütün tədbirlərin görülməsini tapşırıb. Ondan sonra hər gün bir neçə yüksək ixtisaslı həkimlər Dilarənin müalicə aldığı xəstəxanaya gəlib baş çəkirlər. Həkimlər onu müayinə edib, müalicənin növbəti addımlarını qərarlaşdırırlar.

Dilarə ilk olaraq “Semaşko”da əməliyyat edilmişdi, amma həkimlər yenidən əməliyyat olunmasını tövsiyə etdi. Bütün bunlara görə Mehriban xanıma təşəkkür edirəm. O da anadır, onun da iki qızı var, məni başa düşüb. Biz onlara çox minnətdarıq. Müalicə ilə bağlı xərcləri Heydər Əliyev Fondu öz uzərinə götürüb və bu, bizim ailə üçün böyük dəstəkdir”.

Xatırladaq ki, qadına bıçaq zərbələri vuran şəxs keçmiş həyat yoldaşı Ceyhun Bəhmənov olub. O Şuşa Şəhər İcra Hakimiyyətinin sabiq icra başçısı Nizami Bəhmənovun oğludur. 1982-ci il təvəllüdlü Bəhmənova Dilarə Faiq qızının bədən və boğazından bıçaq xəsarətləri yetirməkdə şübhəli bilinən 1981-ci il təvəllüdlü Ceyhun Nizami oğlu Bəhmənov şübhəli şəxs qismində saxlanılıb.

Hadisə cütlüyün yeniyetmə qızının qarşısında baş vermişdi. 

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.