Bakıda piyadanı vurub qaçan sürücü tutuldu

26 İyul, 2018 19:34 | Hadisə | Baxış sayı: 37
“Hyundai” qəzadan sonra
“Hyundai” qəzadan sonra

İyulun 22-nə keçən gecə 45-50 yaşlı kişinin ağır bədən xəsarətləri ilə xəstəxanaya gətirilməsi, həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmaması və orada ölməsi barədə Nizami Rayon Polis İdarəsinin 23-cü bölməsinə məlumat daxil olub.

İstiPress-ə DİN-dən verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz tədbirlərlə həmin şəxsin Bakı şəhər sakini Tofiq Abbasov olduğu, Babək prospektində yolu keçərkən avtomobillə vurulduğu müəyyən edilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin “Hyundai” markalı avtomobillə törədildiyi müəyyən edilib. Yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən həmin nəqliyyat vasitəsini idarə edən Bakı şəhər sakini Eldar Məhərrəmov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb.