BDU-nun zəhərlənib ölən tələbəsinin yasından gələn qohumları qəzaya düşdü

25 Noyabr, 2019 10:05 | Hadisə | Baxış sayı: 3337
 Şəkər Faiq qızı Xasmətova
Şəkər Faiq qızı Xasmətova

Dəfndə ürəyində problem yaranan əmini xəstəxanaya çatdırmaq istəyən qızı ağır yaralanıb

Bir neçə gün əvvəl BDU-nun yataqxanasında zəhərlənərək həyatını itirən 20 yaşlı Şəkər Xasmətovanın dəfnində iştirak edən qohumları qəzaya düşüblər. İstiPress-in Şimal bürosunun məlumatına görə, qohumlarun içərisində olduğu maşın buzlu yolda sürüşüb. Hadisə Qubanın Xucbala kəndi ərazisində, onlar Bakıya qayıdarkən baş verib. Maşın yoldan çıxaraq dərəyə sürüşüb.

Məlumata görə, maşındakılar dəfn mərasimində Şəkərin əmisi, Seymur Xasmətovun ürəyində problem meydana gəldiyi üçün onu təcili paytaxta aparmaq üçün yola çıxıblar. 

Qəza nəticəsində ölən tələbənin əmisi qızı - Bakı sakini Ulduz Əliyeva ağır xəsarət alıb. Dərhal Qusar rayon mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə çatdırılan yaralı qadın əməliyyat olunub. Ulduzun atası Seymur Xasmətov və digər sərnişin və sürücü heç bir xəsarət almayıb.

Xatırladaq ki, noyabrın 21-də Bakı Dövlət Universitetinin Mətbuat prospekti 36 ünvanında yerləşən 2 saylı yataqxanasında zəhərlənmə nəticəsində universitetin Fizika fakültəsinin tələbəsi, 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızı ölüb, Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbəsi, 1998-ci il təvəllüdlü İbadova Həmidə Bünyamiddin qızı və Kitabxanaçılıq və İnformasiya fakültəsinin dördüncü kurs tələbəsi, 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə Qismət qızının isə müalicəsi 1 saylı Kliniki Tibbi Mərkəzdə davam etdirilir.