Bakıda gənc qadın idmançı ərinə 17 bıçaq vurub necə öldürdü? - SİRR AÇILDI

25 Sentyabr, 2020 14:35 | Hadisə | Baxış sayı: 390
Rəna Sofiyeva
Rəna Sofiyeva

Bakının Günəşli qəsəbəsində 2019-cu il iyulun 7-də baş vermiş və əvvəlcə mənzilə quldur basqını nəticəsində törədildiyi bildirilən səs-küylü qətl işi üzrə istintaq tamamlanıb.

Bu qətl hadisəsi gecə saat 03.00 radələrində Rəna Sofiyevanın və ailəsinin yaşadığı mənzildə baş verib. Həmin gün yayılan xəbərlərdə deyilirdi ki, mənzilə üzlərinə maska taxmış naməlum quldurlar basqın edib, onlar Rəna Sofiyevanın əri Araz Sofiyevi qətlə yetirib. Qadını isə yaralayıb. Quldurların evdən 4800 dollar pul apardıqları da deyilirdi.

Araz Sofiyev
Araz Sofiyev

Lakin dərhal bu versiyanı şübhə altına alan nüanslar meydana çıxıb. Məlum olub ki, qətl baş verən vaxt mənzildə Araz və Rəna Sofiyevlərin 15 yaşlı oğlu, habelə Rənanın anası da olub. Onlar isə “heç nə görmədiklərini və eşitmədiklərini” deyirlər.

Axı bu necə ola bilər ki, mənzilə gecə vaxtı quldur basqını olsun, ailənin başçısı çoxsaylı bıçaq zərbələri ilə öldürülsün, qadın yaralansın və digərləri bu dəhşətli dramın yaşandığı dəqiqələrdə sakitcə yuxulasın?

Suraxanı rayon Polis İdarəsinin əməliyyatçıları da dərhal bu sual ətrafında təhlillər aparıblar və Rəna Sofiyevanın özünü şübhəli apardığına əmin olublar. Qadın ilkin ifadəsində iddia edib ki, ərini hansısa borc üstündə evə basqın edib öldürüblər. Amma məlum olub ki, Araz Sofiyevin heç kimə borcu olmayıb. Üstəlik bu necə ola bilərdi ki, qadının şahidliyi ilə onun gözü önündə quldurlar ərini 17 bıçaq zərbəsi ilə öldürür, amma R.Sofiyeva əlindən yüngül xəsarət almaqla salamat qalır? Bəs o niyə köməyə çağırmayıb və sakitcə ərinin öldürüldüyünü izləyib?

Müstəntiqlər tezliklə cinayətin üstünü açıblar və onların şübhələri haqlı çıxıb. Məlum olub ki, Araz Sofiyevi öldürən elə arvadı Rəna Sofiyevadır. Qadın cinayəti tam etiraf edib və bu  dəfə ifadəsində ərini “qısqanclıq zəminində” öldürdüyünü deyib. Suraxanı rayon Prokurorluğu tərəfindən Rəna Sofiyevaya Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Qeyd edək ki, bu cinayət ər-arvadın boşanma ərəfəsində olduğu vaxtda törədilib. Bildirilir ki, Sofiyevlərin ailəsində hadisə ərəfəsində tez-tez münaqişələr yaşanırmış. Bu münaqişələrin kökünün dolanışıq problemlərindən qaynaqlanmadığı dəqiqdir. Çünki ailə kifayət qədər imkanlı olub. Rəna Sofiyeva kənd təsərrüfatı texnikasının tədarükü ilə məşğul olan 4S şirkətinin keçmiş rəhbər müavini idi. Onun əri isə müxtəlif vaxtlarda BP-Azərbaycan, Baltika-Bakı və Aqrovest İMP-də işləyib, özünün də ölümündən əvvəl sosial şəbəkələrdə yazdığı kimi, kifayət qədər imkanlı biznesmen idi. (Həmin postda Araz Sofiyev biznesdə uğurun pik nöqtəsinə çatdığını, amma həyatında işindən başqa sevinməli heç nəyi olmadığını yazır. Bildirir ki, zəngin olmağın sadəcə həyat gerçəkliyi olduğunu, başqa heç nə ifadə etmədiyini dərk edib).

Müstəntiqlər Sofiyevlərin yaşadığı binanın ətrafındakı videomüşahidə kameralarının yaddaşını da axtarıblar və məlum olub ki, təxminən cinayətin baş verdiyi saatlarda binanın ətrafında naməlum kişi dolaşıb. Bu şəxsin R.Sofiyeva ilə hansısa əlaqəsinin olub-olmadığı məlum deyil. /Virtualaz.org/