Salyanda polis itkin düşən qızı zorlayıb? RƏSMİ

25 Yanvar, 2020 14:01 | Hadisə | Baxış sayı: 1020
Zorlama
Zorlama

DİN rəsmisi bildirib ki, hadisə Aytəkin Abıyevanın tez-tez itkin düşməsi ilə başlayıb

"Salyanda polisin itkin düşən qıza təcavüz etməsi məlumatı təxribatdır". Bunu Daxili İşlər Nazirliyi Salyanda polis əməkdaşı ilə vətəndaş arasında yaranan problemlə bağlı yayılmış məlumata aydınlıq gətirən nazirliyin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib. 

Ölkə mətbuatının gündəmini zəbt etmiş "Salyan məsələsi" - polis əməkdaşı Həmzə Əzizovla vətəndaş Aytəkin Abıyeva arasında olan mübahisəyə münasibət bildirən E.Zahidov bildirib ki, hadisə Aytəkin Abıyevanın tez-tez itkin düşməsi ilə başlayıb:

"Məlumat üçün bildirirəm ki, ötən il sentyabrın 17-də Salyan şəhər sakini Yaşar Abıyev Rayon Polis Şöbəsinə müraciət edərək qızı Aytəkinin evdən çıxaraq naməlum istiqamətdə getməsini bildirmiş və onun tapılması üçün polisdən kömək istəyib. Qeyd edim ki, bu artıq Aytəkinin 3-cü dəfə valideynlərindən icazəsiz evlərini tərk etməsi halı idi. Bu dəfə də polis əməkdaşlarının həyata keçirdikləri müvafiq tədbirlərlə qızın yeri müəyyən edilərək saxlanılıb və RPŞ-yə gətirilib. Aytəkin RPŞ-nin həyətində atasını, anasını və qardaşını gördükdə "Siz məni yenə də tutub valideynlərimə verdiniz?"- deyərək çantasında olan bıçaqla polis əməkdaşının sağlamlığına ağır xəsarət yetirib. Bundan sonra rayon prokurorluğunda faktla bağlı cinayət işi qaldırılmış və A.Abiyeva Lənkəran Ağır Cinayətlər məhkəməsinin hökmü ilə törətdiyi həmin cinayət əməlinə görə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilib".

Ehsan Zahidov
Ehsan Zahidov

Nazilik rəsmisi polis əməkdaşının qadına təcavüz etməsi məsələsinə münasibət bildirərkən qeyd edib ki, bu tamamilə əsassız və uydurma iddiadır. "Qeyd etdiyim kimi prokurorluqda qaldırılmış cinayət işinin istintaqı və məhkəmə baxışı zamanı A.Abiyevanın ifadəsi və digər sübutlarla təsdiq olundu ki, onlar arasında heç bir yaxınlıq olmayıb. Yəni itkin düşən şəxsin polis əməkdaşı tərəfindən axtarılıb tapılması tam qanunamüvafiq həyata keçirilib. Birmənalı olaraq bildirirəm ki, polis kapitanı Həmzə Əzizovun DİN-in rəhbər heyətində heç bir qohumu yoxdur".

Polis polkovniki Salyan rayonun inzibati həbs olunan Salyan rayon sakini Zamin Salayevin saxlanılarkən işgəncəyə məruz qalması barədə iddiaları da təxribat adlandırıb. Z.Salayev məhkəmənin qərarı ilə törətdiyi inzibati xətaya görə həbs edilib. Onun bütün prosessual hüquqları təmin edilib, o, vəkili və ailə üzvləri ilə görüşüb, eləcə də Ombudsman Aparatının əməkdaşları ona baş çəkiblər. "Həmin məlumatla əlaqədar Daxili İşlər Nazirliyi tərəfindən xidməti yoxlama aparılıb, Z.Salayevin izahatı alınıb, Nazirliyin təşəbbüsü ilə o, DİN-in Hospitalına aparılaraq həkim müayinəsindən keçirilib. Ona işgəncə verilməsinə dair məlumat öz təsdiqini tapmayıb. Z.Salayevin səhhətində ciddi problem aşkarlanmayıb. Yalnız həkimlər onda çoxdan mövcud olan qarın yırtığı aşkarlayıblar və özünə bu barədə məlumat veriblər".