Azərbaycanda taksi sürücülərinin qənimi tutuldu - FOTO

24 Oktyabr, 2017 16:32 | Hadisə | Baxış sayı: 260
Taksi
Taksi

Bu şəxsi siz də tanıyın

Hadisə bu gecə saat 3 radələrində Qusar rayonunun Hil kəndində baş verib. İki-üç saat əvvəl Bakı şəhərində - 20 yanvar metrosunun yanından taksiyə əyləşən cavan bir oğlan onu Qusarın Yasab kəndinə aparmasını xahiş edib və avtomobilə əyləşib. Onlar Qusarın Hil kəndinə çatanda sərnişin sürücüyə maşını saxlamağı xahiş edib və burda yas yerinə dəyib  onun əvvəldən razılaşdığı 60 manat pulunu gətirəcəyini söyləyərək düşüb gedib. Sərnişini gözləyən taksi sürücüsü, Bakı sakini Rəfael Novruzov avtomobilin qabaq salonunda olan "Samsung" markalı mobil telefonunun da yerində olmadığını görüb və sərnişinin onu aldadaraq aradan çıxdığını başa düşüb. 

Sürücü səhər saat 5 radələrində Qusar polis şöbəsinə müraciət edib. Şöbə rəisi Zaur Bədəlovun rəhbərlik etdiyi əməliyyat qrupu isti izlərlə taksi sürücüsünə qarşı soyğunçuluq edən şəxsin kimliyini müəyyən edib. DİN-in MX-nin Quba regional bölməsindən verilən məlumata görə, soyğunçuluq edən, 28 yaşlı, əvvəllər dəfələrlə həbsdə olmuş, Hil kənd sakini Zamir Sadulla oğlu Zalov olub.

Qusar polisi Bakıdan Qusara 200 km-dən çox məsafədə birbaşa maşın sürən taksi sürücüsü Rəfael Novruzovun gediş pulunu vermədən, üstəlik  mobil telefonunu oğurlayıb qaçan şəxsi uzağa getməyə qoymayıb və yaxalayaraq rayon polis şöbəsinin istintaq bölməsinə təhvil verib.

Fakta görə polis şöbəsində cinayət işi açılıb. Zamir Zalovun oğurladığı mobil telefon maddi sübut kimi götürülüb. Saxlanılan şəxsin digər cinayətlərdə də iştirak edib etməməsi araşdırılır.

Aytəkin Alxaslı/İstiPress-in şimal bürosu