Bakıda qayınata gənc gəlinini baltaladı

24 Sentyabr, 2019 09:15 | Hadisə | Baxış sayı: 215
Ağaca sancılmış balta
Ağaca sancılmış balta

4 uşaq anası olan 30 yaşlı qadın ölüb

Bakıda qətl hadisəsi törədilib. İstiPress-in "report"a istinadla verdiyi məlumata görə, hadisə paytaxtın Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində qeydə alınıb.

Füzuli rayon sakini, 1962-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Firdovsi Məhərrəmov gəlini, 1989-cu il təvəllüdlü Cəmilə Məhərrəmovanı ailə münaqişəsi zəminində balta ilə qətlə yetirib.

Xəzər Rayon Prokurorluğu və rayon Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib.

Daha sonra F.Məhərrəmov şübhəli şəxs qismində saxlanılıb və dindirilən zaman törətdiyi cinayəti etiraf edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Xatırladaq ki, ailəli olan C.Məhərrəmovanın 4 uşağı var.