Qubada oyun oynayan körpələr çaya düşdülər, ölən var

23 May, 2019 12:19 | Hadisə | Baxış sayı: 140
Boğulan adam
Boğulan adam

Valideynləri azyaşlıların evlərindən 1 km aralıda yerləşən çaya getməsindən xəbərsiz olub

Qubada 3 yaşlı uşaq çayda boğulub. İstiPress-in Şimal Bürosunun məlumatına görə, hadisə Qubanın dağlıq ərazidə yerləşən Cimi kəndində baş verib.

Üç yaşlı kənd sakini Yusif Fizuli oğlu Abdullayev yaşıdı və qohumu olan Qızbikə Şahin qızı Abdullayeva ilə Cimi çayının kənarında oynamağa başlayıb. Bu zaman uşaqlar ehtiyatsızlıqdan suya düşüblər.

Onların çayda boğulduqlarını balıq tutan sakinlərdən biri görüb. O dərhal kənd camaatına xəbər verib. Qızbikə Abdullayeva sakinlər tərəfindən xilas olunsa da, Yusif Abdullayev boğulub.

Hadisə yerinə məlumat əsasında Quba prokurorluğunun və polis şöbəsinin əməkdaşları gəlib. Uşağın meyitinə baxış keçirilib, müvafiq müayinələr edilib.

Kənd sakinlərindən əldə etdiyimiz məlumata görə, hadisəyə uşaqların ehtiyatsızlığından əlavə valideyn səhlənkarlığı da səbəb olub. Belə ki, Yusif Abdullayev əmisinin nəvəsi Qızbikə ilə evlərindən təxminən 1  km aralıda yerləşən çaya qədər gedib. Ailə uşaqların axtarışına başlayanda isə gec olub.

Quba rayon prokurorluğunda bədbəxt hadisənin araşdırılmasına başlanılıb.