Qusarda qəssabı öldürən gənc özünü palıddan asdı - polisi şoka salan qətl

23 Mart, 2020 09:19 | Hadisə | Baxış sayı: 687
intihar
intihar

Qəssab 24 yaşlı oğlanla görüşdən sonra yoxa çıxıb

Bayram günü Quba və Qusarda iki meyit aşkar edilib. Baş verən hadisə polisləri də sözün əsl mənasında şoka salıb. İstiPress-in Şimal bürosunun məlumatına görə, martın 20-si səhər saat 9 radələrində Qubanın Alpan kəndi ərazisində - Alpançayın kənarındakı palıd ağacından sintetik materialdan olan ipdən asılı kişi meyiti tapılıb. Hadisə yerinə Quba prokurorluğunun və polis şöbəsinin əməkdaşları cəlb ediliblər.

İntihar edən şəxsin Qusarın Əniğ kənd sakini, 24 yaşlı Malik Məlik oğlu Vəliyev olduğu müəyyən edilib. İlkin araşdırma zamanı aydın olub ki, mərhum Malik Vəliyev martın 17-də həmkəndlisi, Qusar bazarında qəssab işləyən Malik Sadirovla ət alqı-satqısı ilə məşğul olmaq üçün görüşüb. Amma həmin gün Malik Sadirov axşam evə gəlmədiyindən ailəsi Qusar polis şöbəsinə müraciət edib. Polis bir neçə dəfə Malik Sadirovu sonuncu dəfə görən Malik Vəliyevi şöbəyə dəvət etsə də o izahat verməkdən müxtəlif bəhanələrlə yayınıb və polis şöbəsinə getməyib. Malik Sadirov martın 17-dən axtarışa verilib. Həmkəndlisi barədə məlumat vermək istəməyən Malik Vəliyevin martın 20-də səhər saat 9 radələrində Quba ərazisində asılmış meyiti tapılıb.

Qubanın hüquq-mühafizə orqanları intihar faktını araşdırdığı bir vaxtda elə həmin gün Qusar-Şahdağ yolunun rayonun Xuray kəndi ərazisindən keçən hissəsində - Qusarçayın sahil yamacında Malik Sadirovun üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb. Hadisə yerinə gələn Qusar prokurorluğunun və polis şöbəsinin əməkdaşları ilkin  araşdırmalarla mərhumun həmkəndlisi 24 yaşlı Malik Vəliyev tərəfindən öldürülməsi ehtimalına gəliblər. Ehtimallara görə, martın 17-də həmkəndlilər görüşəndə sözləri çəp gəlib və 33 yaşlı Malik Sadirov 24 yaşlı Malik Vəliyev tərəfindən öldürülüb.

Polisin onu axtardığını bilən Malik Vəliyev martın 20-də Quba ərazisində intihar  etməyi çıxış yolu bilib və özünü asıb.

Hər halda, bütün bu ehtimalları Qusar rayon prokurorluğu açılmış cinayət işində tam araşdıracaq.Quba rayon  prokurorluğunda  isə Malik Vəliyevin intihar faktına görə CM-nin 125-ci-özünü öldürmə həddinə çatdırma maddəsilə cinayət işi açılıb.