“Cin çıxarma” adı ilə 25 yaşlı gənci döyüb öldürdülər

22 Oktyabr, 2019 16:02 | Hadisə | Baxış sayı: 114

40 dəqiqə nar çubuğu ilə döyülməsi nəticəsində ağır bədən xəsarətləri alaraq ölüb

Bakı Ağır Cinayətlər Məhkəməsində “cin çıxarmaq" adı ilə 25 yaşlı gənci döyərək öldürməkdə ittiham olunanlardan biri prosesdə təqsirləndirilən Füzuli Qəribov ifadə verib.

İstiPress-in məlumatımna görə, o, ifadəsində Şabran rayonuna gələn turistlərə tərcüməçilik etməklə və psixi xəstəliyi olan şəxsləri Quran ayələri oxuyaraq müalicə etməklə ailəsini dolandırdığını deyib: “Əlimin içini xəstələrin alnına qoyub Quran ayələri oxuyuram. Xəstələri müalicə etmək üçün heç vaxt hər hansı əşya ilə vurmamışam. 2018-ci ilin avqust ayında tanışım Elnur ögey oğlu Muradın psixi xəstəliyi olduğunu və Quran oxumaqla müalicə etdirmək istədiyini dedi. Mən onunla razılaşdım, Bakıya gəlib Muradla görüşdüm. Onu müalicə etmək üçün Şabrana aparmağın vacib olduğunu dedim”.

F.Qəribovun ifadəsinə görə, Murad atası Şahinlə birlikdə Şabrana gəlib, ev kirayələyiblər. Müalicə vaxtı Murada beş dəfə Quran ayələri oxuyub, bir dəfə isə atası Şahin onu döşəmə taxtası ilə vurub: “Bundan başqa Muradı heç kim vurmayıb. Mənim on günlük müalicəm nəticəsində Muradın vəziyyəti yaxşılaşdı. Atası ilə birgə Bakıya qayıtdı. Amma oktyabrın axırında atası Muradı yenidən Şabrana gətirib dedi ki, vəziyyəti pisləşib. Bizdən müalicəni davam etdirməyimizi xahiş etdi. Noyabrın əvvəlində Vüsal İbrahimovun evində ilk seansı keçirdik, Cəmillə Əfqan da oradaydı. Mən Quran oxuyarkən həm özüm, həm də Cəmillə Əfqan onun qarın və bud nahiyələrinə nar çubuğu ilə zərbə vururduq. Sonrakı günlərdə ancaq Quran oxudum”.

Təqsirləndirilən şəxs ifadəsinin davamında Muradın atasının onlara “uşaq vurulmasa düzəlmir, bunu möhkəm vurun, əti sizin, sümüyü mənim”dediyini, sonuncu seans zamanı isə uşağın vəziyyətinin pisləşdiyini bildirib: “Noyabrın 9-da mən evimdə olanda zəng edib Muradın vəziyyətinin pis olduğunu dedilər, mən də Şahinə zəng edib bunu dedim, özüm də Vüsalgilə getdim. Mən ora çatanda dedilər Murad özündə deyil və “qaytarıb”. Təcili yardım çağırdım, amma Muradın dili qatlandı və keçindi”.

Qeyd edək ki, hadisə ötən il noyabr ayının 10-da Şabran rayonunda baş verib. Şabran şəhərində kirayədə yaşadığı evdə Bakı şəhər sakini, 25 yaşlı Murad Soltanovun üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb. Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin altı nəfər tərəfindən törədildiyi müəyyən edilib. Araşdırmalar zamanı onların Şabran şəhər sakinləri - Vüsal İbrahimov, Əfqan Tanrıverdiyev, Cəmil Qayıbov, Sahib Xəlilov, Aprel Xəlilov və Füzuli Qəribov olduqları müəyyənləşdirilib. Şübhəli qismində saxlanılaraq Şabran Rayon Polis Şöbəsinə gətirilən şəxslər ilkin təhqiqat zamanı törətdikləri cinayət əməllərini etiraf ediblər. Həmin şəxslərin evdə M.Soltanovu guya xalq təbabətindən istifadə olunmaqla müxtəlif formada müalicə etdikləri, bədənindən şər qüvvələri çıxarmaq adı ilə nar ağacının çubuqları ilə vuraraq ona ağır bədən xəsarətlər yetirdikləri, məhz bundan sonra sonuncunun kirayədə qaldığı mənzildə dünyasını dəyişdiyi məlum olub. Araşdırmalarla M.Soltanovun Bakı şəhərində əvvəllər də eyni üsulla guya müalicə aldığı, lakin sonuncu belə “seans” zamanı sağlamlıq durumunun qəfil pisləşdiyi müəyyən edilib. Saxlanılan şəxslər polisə verdikləri ifadələrində M.Soltanovu 2 seans "müalicə" etdiklərini, ikinci seansın 40 dəqiqə çəkdiyini bildiriblər. Onların sözlərinə görə, M.Soltanov 40 dəqiqə nar çubuğu ilə döyülməsi nəticəsində ağır bədən xəsarətləri alaraq ölüb