Rusları zəhərləyən azərbaycanlılar məhkəməyə çıxarıldı - 63 ölü

22 Oktyabr, 2018 14:46 | Hadisə | Baxış sayı: 182
Metanol zəhərlənməsinin qurbanları - İrkutsk
Metanol zəhərlənməsinin qurbanları - İrkutsk

Təqsirləndirilənlərdən beş nəfəri Azərbaycan vətəndaşıdırlar

Rusiyanın İrkutsk vilayətinin Lenin rayon məhkəməsində iki il öncə 63 sakinin tərkibində etil spirti əvəzinə metanol olan “Boyarışnik”dən kütləvi şəkildə zəhərlənməsində ittiham olunan yeddi nəfərin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. 

İstiPress-in məlumatına görə, cinayət işi üzrə 73 nəfər zərərçəkmiş var. 63 nəfərin “Boyarişnik”dən zəhərlənərək ölməsində təqsirləndirilənlərdən beş nəfəri Azərbaycan vətəndaşıdırlar. Hakim önünə çıxarılanlardan biri sahibkar Rəhman Mehdiyevdir. O, İrkutskda ərzaqların, içkinin və tütünün pərakəndə satışı ilə məşğul olan şirkətə rəhbərlik edib. “Boyarışnik” məhlulunun satışı R.Mehdiyevə məxsus ticarət pavilyonlarında həyata keçirilib.

R.Mehdiyev həbsdə, digər altı nəfər isə ev dustaqlığındadırlar.

Qeyd edək ki, təqsirləndirilən şəxslərə - Süleyman Rüstəmov, Rəhman Mehdiyev, Yuli Melentyev, Seymur Əliyev, Anar Babayev, Zaur Əbilov və Svetlana Krasnoyarovaya qarşı Rusiya Cinayət Məcəlləsinin 238-ci (təhlükəsizlik tələblərinə cavab verməyən ərzaq və malların istehsalı, saxlanılması, daşınması və satılması) maddəsi ilə ittiham irəli sürülüb.

İstintaq yolu ilə müəyyənləşdirilib ki, adları çəkilən şəxslər 2016-cı ilin noyabr-dekabr aylarında təxminən 160 litr metil spirti əldə ediblər və həmin mayedən “Boyarışnik” hazırlayıblar.