Ərini öldürən qadına prokuror 16 il həbs istədi

22 May, 2019 14:44 | Hadisə | Baxış sayı: 41
Bıçaqlı qız - ARXİV
Bıçaqlı qız - ARXİV

Həyat yoldaşı ilə qısqanclıq zəminində mübahisə edib

Dövlət ittihamçısı ərini öldürməkdə  ittiham olunan 38 yaşlı Vəfa Orucovanın 16 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

İstiPress-in məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işi üzrə keçirilən məhkəmə prosesi iyunun 7-də davam edəcək.

Qətl hadisəsi ötən il noyabrın 24-də baş verib. Bakı şəhər sakini Rövşən Musayev ağır dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya gətirilib və orada ölüb. Əməliyyat-axtarış tədbirlərinin gedişində mərhumun arvadı Vəfa Orucova hadisəni törətməkdə şübhəli bilinərək saxlanılıb.

V.Orucovaya qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

İstintaq yolu ilə müəyyən edilib ki, Vəfa Orucova həyat yoldaşı Rövşən Musayevlə qısqanclıq zəminində mübahisə edib. Belə ki, Musayev Vəfanın başqa şəxslərlə münasibətinin olmasından şübhələnib. Ər-arvad arasında münaqişə də bu üzdən yaranıb. Əri tərəfindən döyülən qadın bıçaqla Rövşənin kürəyindən vurub. Yaralı xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.