DTX rüşvət yığan icra başçısı belə həbs etdi VİDEO

22 Fevral, 2020 09:15 | Hadisə | Baxış sayı: 272
İsmayıl Vəliyevin həbsi
İsmayıl Vəliyevin həbsi

İcra başçısı, müavinlərinin, baş həkimin otağından nələr tapıldı?

DTX Neftçala İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin həbsini əks etdirən görüntüləri yayıb. Qurumdan verilən məlumata görə, toplanılmış materiallarla rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin mütəmadi olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə edib təhsil, səhiyyə və digər yerli dövlət təsisatları rəhbərlərindən müxtəlif adlar altında şəxsən pul vəsaitləri tələb edərək almasına əsaslı şübhələr müəyyən olunmuşdur.

Otağında əməliyyat keçirilən İsmayıl Vəliyev kimdir? 

İsmayıl Məhərrəm oğlu Vəliyev 31 oktyabr 1959-cu ildə Gəncə şəhərində anadan olub. 1981-ci ildə Bakı Dövlət Universitetini bitirib, əmək fəaliyyətinə 1981-ci ildə Əli Bayramlı (indiki Şirvan şəhəri-E.H) şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsində ümumi şöbənin müdiri kimi başlayıb.

29 may 1996-cı il tarixdən 21 may 1998-ci il tarixədək Sumqayıt Gömrükxanasının rəisi, 21 may 1998-ci il tarixdən 21 yanvar 1999-cu il tarixədək Gömrük Komitəsi sədrinin müşaviri, 21 yanvar 1999-cu il tarixdən 03 yanvar 2001-ci il tarixədək Dövlət Analitik Şöbənin rəisi, 03 yanvar 2001-ci il tarixdən 31 may 2005-ci il tarixədək Gömrük Nəzarətinin Təşkili İdarəsinin rəis müavini vəzifələrində işləyib.

2005-ci ildən Qobustan RİH-in başçısı olub. 26 aprel 2011-ci il tarixdən 20 fevral 2020-ci ilədək Neftçala Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. O, bu postda hazırda Lənkəranın icra başçısı olan Taleh Qaraşovu əvəzləyib.

İsmayıl Vəliyev  Azərbaycanın sabiq baş prokuroru İsmət Qayıbovun bacısı oğludur. Ailəlidir, 2 övladı var. Onun oğlu Məhərrəm Vəliyev Fövqaladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyində rəis müavini vəzifəsində çalışır.

Xatırladaq ki, əməliyyat tədbirləri zamanı 6 nəfər saxlanılıb. Onlar aşağıdakılardır:

İsmayıl Vəliyev

Vurğun Əkbərov,

Anar Cəfərov,

Vüqar Nağıyev,

Mərkəzi Xəstəxananın baş həkimi Telman Zahidov 

Təhsil şöbəsinin müdiri Əjdər Kərimov