Xızıda film kimi hadisə - polisi tapança ilə hədələyib aradan çıxdı

21 Sentyabr, 2019 12:43 | Hadisə | Baxış sayı: 133
Polis
Polis

Şübhəli “VAZ-2109”dan düşən sərnişin uzağa gedə bilməyib

Polis əməkdaşlarını üzərində gəzdirdiyi tapança ilə hədələyərək aradan çıxmağa müvəffəq olmuş Xızı rayon sakini Ağagül Ağayev Sumqayıt şəhəri ərazisində saxlanılıb. DİN-dən verilən məlumata görə, sentyabrın 19-da saat 9 radələrində Xızı rayonunun Giləzi qəsəbəsi ərazisində “VAZ-2109” markalı avtomobil şübhə doğurduğundan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Bu zaman qəflətən avtomobildən düşən sərnişin üzərində gəzdirdiyi tapança ilə polis əməkdaşlarını hədələyərək aradan çıxmağa müvəffəq olub.

Polis əməkdaşları tərəfindən həmin şəxsin Ağagül adlı Giləzi qəsəbə sakini olması müəyyən edilib. 

Əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evə baxış zamanı 65 ədəd tapança patronu, 1 ədəd patron darağı, 2 ədəd kabura, habelə narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 228-ci (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə cinayət işi başlanmışdır.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Giləzi qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ağagül  Ağayev Sumqayıt şəhəri ərazisində polis əməkdaşları tərəfindən saxlanılmışdır. Yaşadığı evin həyətinə baxış zamanı oradan nömrəsi silinmiş “Makarov” markalı tapança, 5 ədəd patron və 1 ədəd patron darağı aşkar edilərək götürülüb. 

Faktla bağlı zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

Enter some text