Dünən dənizdən çıxarılan MiQ-29-un pilotu dəfn edildi FOTO, YENİLƏNİB

21 Avqust, 2019 12:00 | Hadisə | Baxış sayı: 283
Pilotun dəfni
Pilotun dəfni

Rəşad Atakişiyev II Fəxri xiyabanda torpağa tapşırılıb

MiQ-29 təyyarəsinin həlak olan pilotu polkovnik-leytenant Rəşad Atakişiyev dəfn edilib. Vida mərasimindən sonra onun cənazəsi II Fəxri xiyabana gətirilib və torpağa tapşırılıb.

Dəfn mərasimində Azərbaycanın dövlət himni səsləndirilib, yaylım atəşi açılıb.

Saat 11:33

Təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində keçirilən vida mərasimi başa çatıb.

R.Atakişiyevin nəşi II Fəxri xiyabanda torpağa tapşırılacaq.

Saat 10:53

Plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində vida mərasimi başlayıb.

Saat 09:16

Bu gün iyulun 24-də təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Atakişiyev Rəşad Saləddin oğlu ilə vida mərasimi başlayıb. Mərasim onun evində keçirilir. 

Pilotla vida saat 10.00-da Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində davam edəcək. O, II Fəxri Xiyabanda torpağa tapşırılacaq. 

Pilotun nəşi və təyyarənin qalıqları ötən gün tapılaraq dənizdən çıxarılıb. 

Ötən gün Müdafiə naziri general-polkovnik Zakir Həsənov Hərbi Hava Qüvvələrinin qəzaya uğramış MiQ-29 təyyarəsinin axtarışlarında ölkəmizin müvafiq qurumları ilə birlikdə fəal iştirak edən Türkiyə Respublikası Hərbi Dəniz Qüvvələrinin xilasetmə qrupunun üzvləri ilə görüşüb.

Müdafiə naziri həlak olan pilot polkovnik-leytenant Rəşad Atakişiyevin ailəsinə, yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verərək qəza baş verdiyi andan bu istiqamətdə həyata keçirilən tədbirlərin daim ölkə rəhbərinin nəzarətində olduğunu xüsusi vurğulayıb.

General-polkovnik Z.Həsənov hadisə baş verən ilk gündən ordumuza dəstək göstərən, xilasetmə əməliyyatlarında iştirak etmək barəsində tərəfimizdən edilən müraciətə dərhal cavab verərək mütəxəssislərdən ibarət qrupu ölkəmizə göndərən  Türkiyə Müdafiə Nazirliyinin rəhbərliyinə təşəkkürünü bildirib.

Sonda türkiyəli mütəxəssislərin əzmkarlığını və peşəkarlığını yüksək qiymətləndirən Müdafiə naziri onlara fəxri fərman və qiymətli hədiyyələr təqdim edib.

Xatırladaq ki, MiQ-29 qırıcısı iyulun 24-də axşam saat 22.00 radələrində təlim-məşq uçuşları zamanı Xəzər akvatoriyası üzərində radarlardan itib. Təyyarə Azərbaycanın ərazi sularında qəzaya uğrayıb. Axtarış işlərinin aparılması üçün Azərbaycan Türkiyədən kömək istəmişdi.

Rəşad Atakişiyevlə vida
Rəşad Atakişiyevlə vida